İDMAN


On yaşlı Ayxan Həşimov kikboksinqin WTKA versiyası üzrə dünya çempionu olub

A+ A

Bakı, 2 noyabr, AZƏRTAC

Kikboksinqin WTKA versiyası üzrə İtaliyanın Karrara şəhərində dünya çempionatı keçirilib. Yarışda ölkəmizi təmsil edən Azərbaycan Kikboksinq Federasiyasının üzvü 10 yaşlı Ayxan Həşimov dünya çempionu olub.

Balaca Ayxan ilk döyüşdə Serbiya təmsilçisi, yarımfinalda rusiyalı rəqibi və finalda isə İtaliya idmançısı üzərində inamlı qələbə qazanaraq qızıl medala sahib çıxıb.

AZƏRTAC-ın əməkdaşı ilə söhbətində A.Həşimov yarışa müəllimi, tanınmış Azərbaycan kikboksçusu Eduard Məmmədov ilə çox ciddi hazırlaşdığını bildirib: “Mənə göstərdiyi etimada görə məşqçimə təşəkkürümü bildirirəm. Bundan sonra daha əzmlə çalışıb mənə dəstək olanların ümidlərini doğrultmağa çalışacağam. Qazandığım qələbəmi isə valideynlərimə həsr edirəm”.

İtaliya turnirinin ilk beynəlxalq sınağı olduğunu deyən balaca Ayxan bu günədək ölkə çempionu və klublararası respublika birinciliyinin qalibi olub.

A.Həşimov deyib: “Qarşıda məni Mayamidə təşkil olunacaq beynəlxalq yarış gözləyir. Hazırda mən növbəti yarışa ciddi hazırlaşıram. Ümid edirəm ki, İtaliyadakı uğurumu təkrarlayıb növbəti yarışlarda da mükafatçılar sırasında yer alacağam və Azərbaycan bayrağını ən yüksəkdə dalğalandıracağam”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.