CƏMİYYƏT


“On yeddi illik mücadilə” kitabı nəşr edilib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

“Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun layihəsi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda sovet işğalına qarşı 1920-1937-ci illər milli müqavimət hərəkatından bəhs edən “On yeddi illik mücadilə” kitabı çapdan çıxıb. Kitabın müəllifləri tanınmış tədqiqatçılar, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun həmtəsisçiləri Anar Turan və Ceyhun Bayramlıdır.

Kitabda XX əsr Azərbaycan tarixinin ən keşməkeşli dövrü olan 1920-1937-ci illərdə xalqımızın işğalçılara qarşı milli dirəniş və müqavimət hərəkatı, bolşevizmin milli-mənəvi dəyərlərimizə, milli ziyalılara və əsilzadəliyə qarşı yürütdüyü siyasət geniş təhlil olunub. Kitab sovet hökuməti əleyhinə baş qaldıran üsyanlarla bağlı ictimaiyyətə məlum olmayan çoxsaylı tarixi faktlarla zəngindir.

Mənbə məlumatlarına və arxiv sənədlərinə əsasən ərsəyə gəlmiş kitab 6 fəsildən, 256 səhifədən ibarətdir. Kitabda 1920-ci il 27 aprel çevrilişindən sonra bolşevik diktaturasının qurulması, milli düşüncə mənsublarının təqibi, ölkəmizdə amansız bolşevik rejiminə qarşı Gəncə, Qarabağ, Zaqatala, Şəki, Quba, Şamaxı, Xızı üsyanları ətraflı işıqlandırılıb və yeni faktlar ortaya qoyulub. Bundan əlavə, xalqımıza qarşı milli-mənəvi terror, zadəgan və bəy zümrəsinin mübarizəsi və onların başında dayananlardan Cahangir bəy Kazımbəyli, Bəhram bəy Nəbibəyov, Əli bəy Zizikski, Cavad bəy Şıxlinski, sonradan qaçağa çevrilən Mayıl ağa, Kərbəlayi İsmayıl, Qəmlo, Hüseyinqulu xan Xoyski, Möhübəli əfəndi Kuzunvi barədə sanballı məlumatlara yer verilib. Milli mübarizəmizin önündə gedən Bakı qoçuları, Gəncə, Şəmkir, Naxçıvan qaçaqları barədə faktlara əsaslanan məlumatlar da verilib.

Kitabın əsas özəlliklərindən biri də sovet hakimiyyətinə qarşı ideoloji mübarizənin önündə gedən və çoxları məhkəməsiz, sübutsuz güllələnmiş, Sibirə sürgün edilmiş F.Köçərli, Ə.Cavad, M.Hadi, H.Cavid, S.Mümtaz, S.Hüseyin, Ü.Sadıqzadə, Y.Çəmənzəminli, M.Altunbay və digərlərinin həyat və fəaliyyəti araşdırılıb.

Nəşrdə, həmçinin sovetlərə qarşı milli mücadiləmizin Azərbaycan sovet ədəbiyyatında izləri və bu barədə yazılan əsərlər, çəkilən filmlər də tədqiq olunub.

Professor Musa Qasımlının elmi redaktorluğu və professorlar Anar İsgəndərov, Hamlet İsaxanlı, fəlsəfə doktoru Dilavər Əzimlinin rəyləri ilə çap olunmuş kitabın məsləhətçiləri “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar Jurnalist Həsən Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevdir. “Ön söz”ün müəllifi professor Aygün Attar Həşimzadədir.

Layihənin rəhbəri fəlsəfə doktoru Vüqar Zifəroğlu, redaktorları Elməddin Behbud, Taleh Cəfərovdur. Əsər elmi-publisistik üslubda yazılıb və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.