ELM VƏ TƏHSİL
Onbirinci siniflərdə təhsil alan şagirdlər üçün regionlarda monitorinq imtahanı aparılacaq
Bakı, 15 may, AZƏRTAC
Mayın 16-da Dövlət İmtahan Mərkəzi (DİM) respublikanın 29 şəhər və rayonunda (Naxçıvan, Ordubad, Şərur, Gəncə, Şəmkir, Göygöl, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şəki, Qəbələ, Qax, Bərdə, Ağcabədi, Göyçay, Zərdab, Ağdaş, İsmayıllı, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) ümumtəhsil müəssisələrinin 11-ci sinfində təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan regionlarda keçiriləcək monitorinq imtahanlarında 117 məktəb üzrə 3.438 şagirdin iştirakı nəzərdə tutulur. İmtahan saat 10:00-da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan bir saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edəcək.
Xatırladaq ki, monitorinq imtahanları Bakı və Sumqayıt şəhərlərində mayın 23-də aparılacaq.