CƏMİYYƏT
Onkoloji və hematoloji xəstələr üçün ödənişsiz aksiya təşkil olunub
Bakı, 8 dekabr, AZƏRTAC
“Həyat Fondu” və “Gemodo” şirkətinin birgə dəstəyi ilə onkoloji və hematoloji xəstəliklərdən əziyyət çəkənlərə, xüsusilə uşaqlara yardım məqsədilə layihə gerçəkləşdirilib. Layihə çərçivəsində Almaniyanın Düsseldorf Universitetinin uşaq onkologiyası və hematologiyası kafedrasının müdiri və klinikanın baş həkimi, professor Arndt Borkhardt ölkəmizə səfər edib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycanda hematoloji və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları müayinə etmək və müalicələrinə dair məsləhətlər verməkdir. Milli Onkologiya və Respublika Talassemiya Mərkəzlərində keçirilən qəbullarda “Həyat Fondu” tərəfindən dəvət olunmuş və Milli Onkologiya Mərkəzinin uşaq klinikasında talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar iştirak ediblər. Xəstələrə qoyulan diaqnoz və müalicələrinin gedişi ilə maraqlanan professor müayinə zamanı valideynlərə övladlarının müalicəsi ilə bağlı məsləhətlər də verib.
Səfərin son günü Respublika Talassemiya Mərkəzində professor Ardnt Borkhardtın iştirakı ilə “Pediatrik onkologiya və hematologiyada yeniliklər” mövzusunda elmi seminar keçirilib. Azərbaycanın aparıcı alimlərinin iştirakı ilə baş tutan tədbirdə onkologiya və hematologiya sahəsindəki ən son yeniliklər müzakirə olunub.
Qeyd edək ki, Düsseldorf Universiteti onkoloji və hematoloji xəstəliklərinə dair elmi araşdırmalar və müalicə sahəsində dünyanın ən məhşur mərkəzlərdən biri hesab edilir.