MƏDƏNİYYƏT
“Onun atası” qısametrajlı bədii film nümayiş olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
“YARAT” Müasir İncəsənət Mərkəzində Zamin Məmmədovun “Onun atası” qısametrajlı bədii filminin nümayişi keçirilib.
AZƏRTAC xəbər verir ki, YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, xalq artisti Şamil Süleymanlı, aktrisa Ülviyyə Rza tamaşaçıların filmlə bağlı suallarını cavablandırıblar.
Qeyd edək ki, “Onun atası” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.
“Onun atası” filminin quruluşçu operatoru Əli Sultan, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov, Ülviyyə Rza canlandırıblar.