CƏMİYYƏT


Operator sənəti ixtisası üzrə qabiliyyət imtahanı haqqında məlumat

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Müəllif fikrini kinematoqrafik təsvir vasitəsilə vizuallaşdıran operator kadrdaxili informasiya üzərində işləyərkən kompozisiyanın tərtib qaydalarından, o cümlədən, ikiölçülü ekran səthi üzərində üçüncü ölçünün-kadr dərinliyinin əldə olunması məqsədilə xətti və fəza (tonal) perspektivinin qabardılma üsullarından, miqyas, rakurs, işıq rəsmi, rəng və digər ifadə vasitələrindən, kinolent və rəqəmsal informasiya daşıyıcılarından, kinokamera və optik sistemlərdən, eləcə də müxtəlif yardımçı avadanlıqlardan istifadə edir, “ekran obrazı”nın yaradılmasında müstəsna rol oynayır.

Operator sənəti ixtisasını seçən abituriyentlər ixtisasdan qabiliyyət imahanı verirlər.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahan iki mərhələdən (təcrübi yaradıcılıq və müsahibə) ibarətdir.

Abituriyentlər imtahana gələn zaman natura, interyer və pavilyonda gips büstü, portret-kompozisiya, natürmort və peyzaj janrlarında çəkdikləri 15-20 ədəd fotoqrafik işləri komissiyaya təqdim etməlidirlər. Həmin işlər fotolentə və ya rəqəmsal daşıyıcıya çəkilməli, 15x21 santimetr formatında çap olunmalıdır. Fotoşəkillər pasportu üzərinə yapışdırılaraq imzalanmalı, qovluqda təqdim edilməlidir. Fotoşəkillərin fotoqrafik keyfiyyəti, texniki səviyyəsi yüksək olmalıdır. Abituriyent çəkdiyi fotoişlərin bədii təsvir həlli, onların texniki icraatı haqqında Komissiya üzvlərinə təfsilatlı məlumat verməli, tam orta məktəb proqramı çərçivəsində fizika fənni üzrə “Optika” və “Elektromaqnetizm” bəhsləri, həmçinin dünya və Azərbaycan kinosu ilə bağlı sualları cavablandırmalıdır.

İmtahanın təcrübi yaradıcılıq mərhələsində abituriyentin ixtisasla bağlı qabiliyyət göstəriciləri yoxlanılır.

İmtahan günü abituriyent özünün rəqəmsal aparatı ilə günün birinci yarısında üç saat ərzində süni işıqlandırma vasitəsilə texniki avadanlıq, gips heykəl, canlı model və əlbəsə ilə təchiz olunmuş xüsusi auditoriyada fərqli üç janrda (gips - 1 şəkil, portret -1 şəkil, natürmort - 1 şəkil), eləcə də həmin günün ikinci yarısında digər üç saat ərzində təbii işıqlandırma şəraitində naturada portret (1-2 şəkil), peyzaj (2-3 şəkil) və müşahidə xarakterli janr səhnəciyi (2-3 şəkil) çəkərək vizual informasiyanı şifrələnmiş “hard disk” toplayıcısına köçürmək üçün aparatın yaddaş kartını İmtahan komissiyasına təhvil verir.

Ətraflı məlumatı TQDK-nın rəsmi saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.