REGİONLAR
Ordu ilə xalqın birliyi sarsılmazdır VİDEO
Ağcabədi, 12 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən komanda qərargah hərbi oyunları uğurla davam etdirilir. İrimiqyaslı təlimlər xalqımızın vətənpərvərlik ruhunu, orduya və hazırda işğal altında olan torpaqlarımıza böyük qayıdışa inam hissini daha da artırıb.
AZƏRTAC xəbər verir ki, Ağcabədi şəhərindəki Heydər Əliyev adına parkda 4 mindən artıq ağcabədilinin iştirakı ilə keçirilən mitinq xalqımızın orduya, qələbəyə olan bu inam hissini göstərirdi.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə tər çiçəklər düzərək, xatirəsinə ehtiramlarını bildiriblər. Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb. Rayon ictimaiyyətinin, Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ordudan tərxis olunmuş gənclərin iştirak etdiyi tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəlməsini nümayiş etdirən irimiqyaslı təlimlərdən, ordu ilə xalqın sarsılmaz birliyindən fəxarət hissi ilə bəhs edilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxışında bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gündən-günə qüdrətlənən Milli Ordumuz respublikanın ərazi bütövlüyünü, xalqımızın təhlükəsizliyini və əmin-amanlığını təmin etmək, Ermənistan silahlılarının nəzarət etdiyi torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.
Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani mitinq iştirakçılarına komanda qərargah hərbi oyunlarının gedişi barədə məlumat verib. Bildirib ki, təlimlərə 65 min nəfərlik şəxsi heyət, 700 zirehli texnika, 500 raket və artilleriya qurğusu, 40 döyüş təyyarəsi, 50 döyüş helikopteri, 20 gəmi və kater qatılıb. Hərbi oyunlar çərçivəsində birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsini yoxlamaq məqsədilə ehtiyatdan çağırılmış 6 mindən artıq hərbi vəzifəli toplanışa cəlb olunub. Səfərbərlik və Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələrinin, icra strukturlarının, hərbi hissələrin qarşısına toplaşan yüzlərlə müharibə veteranı, gənclər nəinki təlimlərə qoşulmaq, eləcə də işğal altında olan torpaqların azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək istədiklərini bildirirlər.
Qarabağ müharibəsi veteranları, gənclər çıxışlarında bildiriblər ki, ordumuzun son uğurları, atəşkəs rejimini pozan Ermənistan silahlı bölmələrinin susdurulması, silahlı qüvvələrimizin bir neçə gündür davam edən irimiqyaslı təlimləri onlarda böyük ruh yüksəkliyi yaradıb. Əli silah tutan ağcabədililər Ali Baş Komandanın çağırışı ilə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs döyüşlərə hazırdırlar.
“Ordu ilə xalqın birliyi sarsılmazdır”, “Ağcabədililər Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hər an hazırdır” kimi şüarların səsləndirildiyi tədbir vətənpərvərlik mahnılarının müşayiəti ilə başa çatıb.