REGİONLAR
“Ordu xalqla əl-ələ” layihəsi Tovuzda davam etdirilib
Tovuz, 20 iyul, Famil Quliyev, AZƏRTAC
İyulun 19-da Şəmkirdə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Ordu xalqla əl-ələ” devizi altında layihəyə start verilib. Layihənin müəllifi Əməkdar İncəsənət Xadimi, Prezident təqaüdçüsü, Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbanidir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində tədbirlər iyulun 20-də Tovuz şəhərindəki Heydər Əliyev parkında davam etdirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri düzüblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Müdafiə Nazirliyinin polkovniki Abdulla Qurbani çıxış ediblər. Çıxışlarda Azərbaycan Ordusunun bugünkü qüdrətindən, Azərbaycan əsgərinin igidliyindən, cəsarətindən danışılıb.
Qeyd olunub ki, bütün Azərbaycan xalqı kimi, tovuzlular da hər zaman Heydər Əliyev ideyalarına sadiq olaraq, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə səylərini əsirgəməyəcəklər. Tovuzlular hər zaman Vətənə sədaqətli olduqlarını sübut ediblər. Belə ki, hələ Böyük Vətən müharibəsində 3 tovuzlu Sovet İttifaqı Qəhrəmanı, 2 nəfər isə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Aprel döyüşlərində düşmənə qarşı mərdliklə vuruşan və şəhidlik zirvəsinə yüksələnlər arasında tovuzlu əsgərlər də var.
Diqqətə çatdırılıb ki, bütün Tovuz sakinləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bundan sonra da Vətənə, xalqa, dövlətə, orduya sonsuz sədaqət nümunələri göstərəcəklər.
Tədbir konsert proqramı ilə davam etdirilib. Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının təqdim etdiyi rəqslər, Xalq Artisti Məmmədəli Balayevin səsləndirdiyi vətənpərvərlik mövzusunda şeirlər tovuzlularda xoş ovqat yaradıb.