REGİONLAR


Ordubad məbədi xalqımızın multikulturalizm və tolerantlıq dəyərlərini özündə yaşadır

A+ A

Ordubad, 30 iyul, AZƏRTAC

Ölkəmiz əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Azərbaycan cəmiyyətindəki dözümlülük ölkədə nadir tolerantlıq mühiti yaradıb və indi bu, bir nümunə kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da multikulturalizm ənənələri ən yüksək səviyyədə yaşadılır. Bunun ən bariz nümunəsi muxtar respublikanın Ordubad rayonunda yerləşən məbədidir. Uzun illər baxımsız vəziyyətdə qalan bu tarixi abidənin bərpa edilməsi Ordubadda tarixi-memarlıq abidələrinə göstərilən qayğının, multikulturalizm ənənələrinin ən yüksək səviyyədə yaşadılmasının nəticəsidir.

Onu da qeyd edək ki, Ordubad hələ qədim zamanlardan Şərqin memarlıq ənənələrini özündə yaşadan, zəngin milli ornamenti, özünəməxsus memarlıq üslubu ilə seçilən tarixi abidələri ilə məşhur olub. Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə, milli irs və düşüncə sisteminin unikal ifadə vasitəsinə çevrilmiş bu tarixi-memarlıq abidələri həm də Ordubadın hələ orta əsrlərdən bəri formalaşan şəhər mədəniyyətindən xəbər verir. Bu gün Avropanın qabaqcıl şəhərsalma təcrübəsi tətbiq edilərək yenidən qurulan, hər il neçə-neçə müasir abidələr ucaldılan Ordubadda tarixi-memarlıq abidələrinə də diqqət və qayğı artırılıb. Burada aparılan quruculuq işləri şəhərin əsas memarlıq üslubu saxlanılmaqla həyata keçirilir, tarixi abidələr bərpa olunur. Şərq memarlığı ilə Avropa memarlığının sintezi nəticəsində qədim görünüşü qorunub saxlanılan müasir bir şəhər yaradılıb. Ordubad məbədi də daxil olmaqla bərpa olunan tarixi-memarlıq abidələri ilə müasir abidələr Ordubadda vəhdət təşkil edir, şəhərə xüsusi gözəllik verir.

Ordubad məbədinin ümumi sahəsi 110 kvadratmetrdir. Ötən illərdə abidənin daxilində, qüllə və günbəzlərdə bərpa işləri aparılıb, fasadı üzlənib, ətrafı abadlaşdırılıb. Məbəddə Ordubada aid tarixi abidələrin fotoları və rəsmləri nümayiş etdirilir.

Rayon ziyalıları ilə söhbət zamanı onlar bildirdilər ki, muxtar respublikanın bütün bölgələrində, o cümlədən Ordubad rayonunda aparılan abadlıq, quruculuq tədbirləri bütün sahələri əhatə edib. Bu çərçivədə tarixi abidələrin bərpası və onların qorunub saxlanılması da diqqət mərkəzindədir. Ordubadlı tanınmış sənətşünas Cabir Cabbarov dedi ki, sovet dövründə bir sıra tarixi abidələr, dini ibadətgah yerləri kimi Ordubad məbədi də müxtəlif məqsədlər üçün istifadə olunub. Bu tarixi abidə yolun tam ortasında ucaldıldığı üçün həmin illərdə zaman-zaman onun sökülməsi də gündəmə gəlib. Lakin rayon ziyalılarının etirazları nəzərə alınıb və məbədə toxunulmayıb.

Cavid Cabbarovun sözlərinə görə, məbəd 1829-cu ildə rus əsgərləri tərəfindən inşa olunub. Uzun müddət rus pravoslav kilsəsi kimi fəaliyyət göstərib. Abidə şəhərin ən yüksək məkanlarından birində inşa edildiyinə görə ətraf ərazi buradan yaxşı görünür. 1947-ci ildə burada nasos stansiyası yaradılıb. Məbədin yaxınlığında isə süni göl tikilib və bu göldən nasoslarla suvarma şəbəkəsinə su vurulub. Bu gün isə abidə tam bərpa olunaraq qorunur. Məbədin bu günədək qorunub saxlanılması xalqımızın multikulturalizm, tolerantlıq dəyərlərini özünün yaşam tərzinə çevirməsinin ən bariz nümunələrindən biridir.

Multikulturalizm bu gün, ümumilikdə, Azərbaycanda gedən demokratik proseslərin ayrılmaz tərkib hissəsi kimi çıxış edir. Bu mənada Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi xalqımızın tarixi köklərə söykənən misilsiz qiymətə malik ənənələrinə göstərilən böyük hörmətin, ehtiramın ifadəsi olmaqla yanaşı, həm də multikulturalizmin dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildiyinin ifadəsidir. Dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan indi özünün multikulturalizm modelini dünyaya təqdim edir. Bu gün respublikamızda milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişaf etdirilməsinə, təbliğinə geniş şərait yaradılıb. Ordubad məbədinin qorunub saxlanılması isə ölkəmizdə mövcud olan yüzlərlə nümunələrdən biridir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.