REGİONLAR


Ordubad rayonunda istedadlı qadınların əl işlərindən ibarət sərgi-satış təşkil edilib

Ordubad, 13 iyul, AZƏRTAC 

Ordubad Rayon Mədəniyyət Evinin foyesində rayonun istedadlı qadınlarının əl işlərindən ibarət sərgi-satış təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikasında qadınların əməyinin qiymətləndirilməsinin daim diqqət mərkəzində olduğunu bildirib.

Elşad Məmmədov diqqətə çatdırıb ki, göstərilən qayğı nəticəsində rayon üzrə təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışanların 76 faizini qadınlar təşkil edir. Rayondakı qadınlardan 23 nəfəri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət mükafatlarına layiq görülüb. Artıq bir neçə ildir istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil edilir. Ordubad rayonunda keçirilən sərgiyə də bütün yaşayış məntəqələrindən istedadlı qadınlar qatılıblar. Tədbirin təşkilində məqsəd rayon üzrə qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, milli dəyərlərimizi qorumaq, adət-ənənələrimizi gənclərə aşılamaq, mənəvi irsimizi yaşatmaqdır.

İcra hakimiyyətinin başçısı belə sərgilərin keçirilməsində, milli dəyərlərimizin yaşadılmasında qadınlarımıza uğurlar arzulayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, bu gün ölkəmizin hərtərəfli inkişafı, mövcud sabitlik, dövlət-qadın siyasətinin uğurla həyata keçirilməsi, ailə dəyərlərinə yüksək qiymət verilməsi qadınların ölkəmizin ictimai həyatında fəal iştirakına və istedadlarının üzə çıxarılmasına şərait yaradıb. Naxçıvan Muxtar Respublikasında qadınların bütün sahələrdə fəaliyyəti təmin olunur, min illər ərzində formalaşan milli dəyərlərimiz yaşadılır. Yaradılan şəraitin nəticəsində muxtar respublikada istedadlı qadınların sayı ildən-ilə artır.

İstedadlı qadınlardan Məleykə Rəhimli çıxış edərək bildirib ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri sayəsində ən ucqar sərhəd kəndlərimizdə də qadınların iş və məişət şəraiti yaxşılaşdırılıb. O, göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Sonra sərgiyə baxış olub. Sərgi-satışda rayon üzrə onlarla qadının 250 rəsm və əl işi nümayiş etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.