REGİONLAR
“Ordubadda Novruz” adlı rəsm müsabiqəsinə yekun vurulub
Ordubad, 16 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə Ordubad şəhərindəki Mədəniyyət Evində ordubadlı yeniyetmə və gənclər arasında “Ordubadda Novruz” mövzusunda rəsm əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunub.
AZƏRTAC xəbər verir ki, sərgi-müsabiqədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev fond tərəfindən keçirilən tədbirlərin yalnız Naxçıvan şəhəri ilə məhdudlaşmadığını, muxtar respublikanın bütün bölgələrini əhatə etdiyini bildirib. Qeyd edib ki, yeniyetmə və gənclərin iştirakı ilə intellektual oyunların, yaradıcılıq müsabiqələrinin və digər tədbirlərin təşkilində məqsəd bölgələrdə yaşayan istedadlı gəncləri üzə çıxarmaq və onların yaradıcılıq potensialını inkişaf etdirməkdir. “Ordubadda Novruz” adlı sərgi-müsabiqənin keçirilməsi də məhz bu məqsədə xidmət edir.
Məmməd Babayev diqqətə çatdırıb ki, ölkəmizin digər regionlarından və muxtar respublikamızın rayonlarından fərqli olaraq Ordubadda Novruz özünəməxsus şəkildə qeyd edilir. Keçirilən sərgi-müsabiqədə də bu amil nəzərə alınıb və gənclər tərəfindən maraqlı işlər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, Ordubad rayonunda keçilən ustad dərsləri buradakı istedadlı gənclərin üzə çıxarılmasında mühüm rol oynayıb. Sərgi-müsabiqəyə təqdim edilən işlər öz texnikası, yanaşma tərzi baxımından daha dolğun və məzmunlu hazırlanıb, gənc rəssamların gələcəkdəki fəaliyyəti baxımından nikbin fikirlər deməyə əsas verib.
Ülviyyə Həmzəyeva gənc rəssamlara fəaliyyətlərində uğurlar arzulayıb və qalibləri təbrik edib.
Muxtar respublikanın Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və sənətşünas Nizami Alıyev də qalibləri təbrik edərək, keçirilən tədbirlərin əhəmiyyətindən danışıblar.
35 müxtəlif işin təqdim edildiyi “Ordubadda Novruz” sərgi-müsabiqəsinin münsiflər heyətinin rəyinə əsasən 1 birinci, 2 ikinci, 3 üçüncü və 6 həvəsləndirici yer seçilərək qalib elan olunub. Qaliblərə təşkilatçıların diplomları və hədiyyələr təqdim edilib.
Sonra sərgiyə baxış olub.