REGİONLAR
Ordumuzun torpaqlarımızı azad edəcəyi gün heç də uzaqda deyil VİDEO
Kürdəmir, 25 oktyabr, Adil Ağayev, AZƏRTAC
Müstəqil Azərbaycanın Silahlı Qüvvələri bu gün regionun ən qüdrətli ordusuna çevrilib. Elə bir orduya ki, hər hansı bir təcavüzkarın qarşısını almağa, ən əsası isə işğal olunan torpaqlarımızı erməni qəsbkarlarından azad etməyə qadirdir. Son vaxtlar cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi fitnələrə qarşı verilən layiqli cavab, düşmən ordusunun və hərbi texnikasının itkiləri hər bir Azərbaycan vətəndaşında böyük iftixar hissi doğurur. Artıq hamıya bəllidir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun torpaqlarımızı azad edəcəyi gün heç də uzaqda deyil.
AZƏRTAC xəbər verir ki, bu fikirlər oktyabrın 25-də Hərbi Hava Qüvvələrinin “N” hərbi hissəsində keçirilən “Açıq qapı” günündə valideynlərlə əsgərlərin görüşündə səsləndirilib.
Hərbi Hava Qüvvələrinin qərargah rəisi, general-mayor İkram Əliyevin də iştirak etdiyi “Açıq qapı” günündə valideynlər, veteranlar hərbi hissədə yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərimizin peşəkarlıqla yerinə yetirdikləri döyüş tapşırıqlarını izləyiblər.
Hərbi hissənin hər bir Azərbaycan gənci üçün böyük məktəb olduğunu söyləyən Qax rayonunun Qum kəndindən gələn şəhid atası Abdulrəhim Yusifov AZƏRTAC-ın müxbirinə deyib: “Bu gün ordumuzun qüdrətinin şahidi oldum. Hər cür lazımi şəraitlə əhatə olunan əsgərlərimiz müasir döyüş texnikasını da həvəslə öyrəniblər. Bu cür ordusu olan vətən basılmaz. Bizim silahlı qüvvələrimiz artıq düşməni diz çökdürməyə qadirdir”.
Sumqayıt şəhərindən oğlunu görməyə gələn Gülşən Abdullayeva isə hərbi hissədə əsgərlər üçün yaradılan şəraitdən razılığını bildirib: “Bu soyuq günlərdə əsgərlərimiz isti geyimlərlə, rahat şəraitlə təmin olunublar. Onlara verilən yeməklər də evdə bişirilən xörəklərdən seçilmir. Artıq oğlum Musa üçün heç bir narahatlığım yoxdur. Oğluma Vətənə layiqli əsgər olmağı tövsiyə etdim. Əminəm ki, o, öz nümunəvi xidməti ilə fəxrimiz olacaq”.