MƏDƏNİYYƏT
Orijinal memarlıq üslubunda müalicə və istirahət məkanı - "Qarabağ SPA and Resort" otel kompleksi
Bakı, 6 iyul, Nihat Budaqov, AZƏRTAC
Azərbaycandakı turizm şirkətlərindən biri olan "Silk Way Travel" ölkəmizin müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin Naftalandakı "Qarabağ SPA and Resort" otel kompleksinə səfərini təşkil edib. Səfər son illərdə bölgələrdə istifadəyə verilən müasir mehmanxana kompleksləri arasında özəlliyi ilə seçilən bu müalicə və istirahət məkanında yaradılan yüksək şəraitlə tanışlıq məqsədi daşıyırdı.
AZƏRTAC xəbər verir ki, otel kompleksində orijinal memarlıq üslubunda gözəl istirahət məkanı yaradılıb. Sahəsi 13 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Burada balacalardan tutmuş böyüklərə qədər hamının maraq dairəsi nəzərə alınıb və onlar üçün guşələr yaradılıb. Tennis kortu, basketbol meydançası və qolf sahəsi istirahətə gələnlərə unudulmaz anlar bağışlayır. Kompleksdə 8 kilometr uzunluğunda gəzinti yolları və geniş yaşıllıq zolaqları salınıb. Qonaqlar həm özləri, həm də elektromobillə otelin ərazisini gəzə bilər və yaşıl təbiətin füsunkar gözəlliklərindən zövq ala bilərlər.
Həmçinin, kompleksdə türk hamamı, sauna, sidr çəllək, cryosauna və duz otağı mövcuddur. Buradakı prosedurlarda Naftalan neftindən, duzlardan və Xəzər dənizinin yosunlarından və vulkanik palçığından istifadə olunur. Qeyd edək ki, Naftalan nefti əsəb, ginekoloji, uroloji və dəri xəstəliklərinin, eləcə də qaraciyər xəstəliklərinin, oynaqların və dayaq-hərəkət aparatına aid oynaqdan kənar yumşaq toxumaların müalicəsi üçün müstəsna vasitələrdən biridir. Oteldə müxtəlif müalicə və gözəllik xidmətləri də təklif olunur.
Otelin beşmərtəbəli binasında turistlərə ən yüksək səviyyədə xidmət göstərilir. Müxtəlif korpusları özündə birləşdirən kompleksdə yaradılan ideal şərait bir daha Azərbaycanda turizm sektorunun davamlı inkişafından xəbər verir. SPA terapiya üsullarına geniş yer verilən oteldə müxtəlif restoranlar və kafelər burada istirahətə gələnlərin istək və arzularının yerinə yetirilməsinə imkan verir. Burada İtaliya mətbəxinin təamları, o cümlədən də pəhriz yeməkləri təklif olunan restoranlar fəaliyyət göstərir. 264 yerlik oteldə bütün zəruri avadanlıqla təchiz olunan 132 otaq mövcuddur. Digər mühüm cəhət burada çalışanların böyük əksəriyyətinin yerli işçilər olmasıdır.
Son illərdə Azərbaycana böyük turist axını müşahidə olunmaqdadır. Məhz bu baxımdan respublikamızda otel biznesinin daha da inkişafı üçün kompleks tədbirlər görülür. Bu otellərdə qonaqlara yüksək səviyyəli xidmətlər göstərilir. Bölgələrdə belə komplekslərin sayının çoxalması Azərbaycana gələn turistlərin sayının artmasına zəmin yaradır. "Qarabağ SPA and Resort" otel kompleksi təkcə Naftalanın deyil, bütün bölgənin əhəmiyyətli turizm obyektidir. Böyük zövqlə tikilən bu otel kompleksi həm xarici görünüşü, həm də daxili tərtibatı ilə ən müasir standartlara cavab verir. Burada qonaqların yaxşı istirahəti və müalicəsi üçün bütün şərait yaradılıb.