DÜNYA
Orqanizmdə 20 saat sonra həll olunan kapsul-batareya yaradılıb
Bakı, 25 avqust, AZƏRTAC
Orqanizmdə 20 saat sonra həll olunan kapsul-batareya yaradılıb. Batareya orqanizmə heç bir fayda verməsə də, amma yığcam videokamera və müxtəlif sensorlarla inteqrasiya edildikdə bir sıra xəstəliklərin diaqnostikasında kömək edə bilər.
Qeyd edək ki, belə tibbi cihazların yaradılması heç də yeni deyil. İnsanın həzm yolundan keçən an müxtəlif informasiyanı qeydə alan yığcam videokamera ilə təchiz edilmiş bir neçə santimetr ölçüsündə kapsullar artıq çoxdan düşünülüb. Bundan başqa, cari ildə Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri diaqnostika təyinatlı robot yaradıblar. Lakin bütün bu cihazlar bir sıra məhdudiyyətlərə (böyük ölçülü, avtonom işləmə vaxtının az olması) malik idi. Lakin Karneqi Mellon Universitetində işləyən alimlərin sayəsində bu vəziyyət tezliklə dəyişə bilər.
AZƏRTAC “hi-news.ru” saytına istinadən xəbər verir ki, Kristofer Bettinqer və onun komandası tərəfindən yaradılmış adi kapsul ölçüsündə olan batareya 20 saatadək işlədikdən sonra orqanizmdə həll olunur. Qurğunun əsasını melanin, manqan oksidi, mis və dəmir təşkil edir. Oxşar texnologiya üzrə yalnız batareya deyil, həm də sensorla təchiz edilmiş portativ kameralar yaratmaq olar.