CƏMİYYƏT


Orqanizmin möhkəmləndirilməsi üsulları

Bakı, 1 iyul, AZƏRTAC

Bürkülü və isti havadan yaxa qurtarmağın ən yaxşı yolu dəniz və ya hovuza üz tutmaqdır. Sinir sisteminin ətraf mühitin dəyişməsinə tez uyğunlaşması üçün aparılan orqanizmin möhkəmləndirilməsi proseduru üçün də ən yaxşı ünvan dəniz və ya hovuz sahilidir. Möhkəm orqanizm soyuqdəymə və müxtəlif yoluxucu xəstəliklərə davamlı olur, külək, günəş və soyuq su kimi qıcıqlandırıcılara alışır, uyğunlaşır, nəticədə infeksiyaların inkişafı üçün zəmin yaranmır.

AZƏRTAC xəbər verir ki, orqanizmin möhkəmləndirilməsinə yayda günəş vannası qəbul etməkdən başlamaq lazımdır. Hava vannasını tədricən daha sərin havalarda da qəbul etmək məsləhət görülür. Hava vannasını qaçış, idman oyunları və gimnastika təlimləri ilə əlaqələndirmək çox faydalı və səmərəlidir. Yaşlılar və xəstəlikdən sonra qüvvəsini bərpa edənlər daha ehtiyatlı olmalı, əvvəlcədən həkimlə məsləhətləşmə aparmalıdırlar.

Bədəni soyuq su ilə silmək və ya soyuq duş qəbul etməyə əvvəlcə ilıq sudan başlamaq lazımdır, 3-4 günlük hazırlıqdan sonra get-gedə suyun temperaturu azaldılaraq sağlamlıq, yaş və fərdi xüsusiyyətlərdən asılı olaraq dəniz, göl və hovuzda çimməyə, günəş vannası qəbul etməyə keçmək olar.

Orqanizmdə uyğunlaşma yaranmamış birdən-birə açıq su hovuzlarında çimmək düzgün deyil. Temperaturun kəskin dəyişməsi orqanizmin xəstəliktörədici mikroblara qarşı müqavimətini azaldır və bu, daha çox ürək-damar xəstəlikləri olanlar üçün təhlükəlidir. Temperatur dəyişikliyi dodaqlarda və üzdə uçuq törədən virusların fəallaşmasına şərait yaradır. Hovuza girməzdən əvvəl ilıq duş altında yaxalanmaqla orqanizmdə qan axını tənzimlənir. Xlorlu suyun qalıqlarını yumaq və onun dəriyə qıcıqlandırıcı təsirini yox etmək üçün hovuzdan çıxandan sonra da duş altında yaxalanmaq lazımdır.

Dənizdə çimmək bir çox cəhətdən müsbət təsir göstərir. Suda həll olmuş duzlar, dəriyə və əzələlərə masaj kimi təsir göstərən dalğalar, eləcə də tənəffüs yollarına aerozol kimi nüfuz edən havadakı xırda dəniz suyu damlaları sağlamlıq üçün müsbət əhəmiyyətə malikdir. Seboreya, sızanaq və çivzə kimi dəri xəstəlikləri üçün günəş şüası olduqca xeyirli və əvəzedilməz dərmandır.

Yay hazırlığından sonra orqanizmin möhkəmləndirilməsi soyuq fəsillərdə də davam etdirilməlidir. Sonrakı möhkəmləndirmə tədbirlərinə bədənin soyuq su ilə silinməsi, soyuq duş qəbulu, təmiz və açıq havada gimnastika etmək və yatmaq daxildir. Hava şəraitini nəzərə almadan gündəlik gəzintiyə çıxmaq da çox yaxşı təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.