REGİONLAR


Orta əsr Şəmkir qalasında bərpa işləri aparılır

A+ A

Şəmkir, 1 iyul, Famil Quliyev, AZƏRTAC

Qədim Şəmkir şəhərinin sirləri açılır. Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun “Şəmkir ekspedisiyası”nın tədqiqatları belə deməyə əsas verir. Qalanın ərazisində bərpa işlərinin aparılması isə tarixi keçmişin qorunmasına xidmət edir.

Şəmkir arxeoloji ekspedisiyasının rəhbəri, tarix elmləri doktoru Tarix Dostiyev AZƏRTAC-a müsahibəsində bildirib ki, qədim Şəmkir şəhər yeri rayonun Muxtariyyə kəndinin şimalında, Şəmkirçayın sahilində yerləşir. Şəmkir orta əsrlərdə Azərbaycanın Böyük İpək yolu üzərində yerləşən orta dərəcəli şəhərlərindən, Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri idi. Ərəb istilası dövründə, yəni VII əsrin ortalarında Şəmkir artıq şəhər kimi mövcud idi. IX əsrin ikinci yarısı–X əsrdə bu şəhər inkişaf edərək mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI-XII əsrlərdə çiçəklənmə dövrünü yaşayıb. Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozub, 1235-ci ildə şəhəri ələ keçirən düşmən onu xarabazara çevirib.

Orta əsr Şəmkir şəhərinin xarabalıqları hazırda Şəmkirçayın sol sahilində, Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında yerləşir. Bu ərazidə 2007-ci ildən genişmiqyaslı arxeoloji qazıntılar aparılır. Qazıntılar nəticəsində Narınqalanın istehkamları bünövrəyədək öyrənilib, şəhər müdafiə divarlarının tədqiqinə başlanılıb, monumental binaların və yaşayış evlərinin qalıqları üzə çıxarılıb, hidrotikililər, mühəndis qurğuları, şəhər sənətkarlığı ilə bağlı emalatxana qalıqları aşkarlanıb.

Şəhərin memarlığında Arran memarlığı üçün səciyyəvi olan qarışıq hörgü geniş tətbiq olunub. Tapıntılar alət və silahlardan, inşaat materiallarından, saxsı, fayans, metal və şüşə qab-qacaqdan, şüşə nümunələrindən, bəzək əşyalarından və sikkələrdən ibarətdir.

2009-cu ildən üzə çıxarılan tikinti qalıqlarının qorunması üçün zəruri konservasiya işləri aparılır. Şəhər istehkam tikintilərində, IX əsrə aid ictimai binada görülmüş konservasiya işləri üzə çıxarılan tikili qalıqlarının dağılma-uçulma təhlükəsini aradan qaldırıb.

Abidə Azərbaycanda yüksək şəhər mədəniyyətini sənədləşdirir və onun tədqiqi nəinki Azərbaycan, həm də Şərq müsəlman şəhərinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət kəsb edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.