CƏMİYYƏT


Orta ixtisas təhsil müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələrini elan edib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, abituriyentlər müsabiqənin nəticələrini komissiyanın internet səhifəsindən və ya mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Müsabiqənin nəticələrinə əsasən, boş qalan 2 min 698 plan yerinin müsabiqəsində iştirak etmək üçün 3 min 113 abituriyent ərizə təqdim edib. Onlardan 2 min 122 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

Qəbul olan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları avqustun 10-da “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim ediləcək. Avqustun 10-dan 16-dək (saat 9:00-dan 17:00-dək) onlar sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.