CƏMİYYƏT


Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatıb

A+ A

Bakı, 31 avqust, AZƏRTAC

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başa çatıb. Məlum olduğu kimi, müsabiqə nəticəsində 152 boş yer qalmışdı. Lakin qeydiyyat prosesi bitdikdən sonra bəlli olub ki, 1068 abituriyent qəbul olduğu orta ixtisas məktəbində qeydiyyatdan keçməyib. Beləliklə, boş qalan plan yerlərinin sayı ümumilikdə 1220-dir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, tam orta təhsil bazasında müsabiqədə iştirak edən, lakin qəbul ola bilməyən abituriyentlərin sayı isə 11 minə yaxındır. Həmin abituriyentlər boş qalan plan yerlərinin müsabiqəsində iştirak edə bilərlər. Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə sentyabrın 1-də saat 10:00-dan sentyabrın 4-də saat 23:59-dək ixtisas seçimi aparılacaq.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim edən və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar. Kolleclərin boş qalan plan yerlərinin siyahısı sentyabrın 1-də “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Nəşri TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanlarda yerləşən binalarındakı “Abituriyent” köşklərindən almaq olar. Sentyabrın 1-dən etibarən jurnalın elektron versiyasını (pdf formatında) TQDK-nın “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid:http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.