CƏMİYYƏT


Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul aparılır VİDEO

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

2016/2017-ci tədris ili üçün Respublikanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə sentyabrın 1-i saat 10:00-dan sentyabrın 4-ü saat 23:59-dək ixtisas seçimi aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, müsabiqə cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə cari il iyulun 5-də keçirilən eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə bu il ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar. Hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.tqdk.gov.az/erizebak/ixtisas3 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsilə və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmırlar. Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər. Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunacaq. Jurnalın satışı TQDK-nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m; Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28. ünvanlarında yerləşən binalarındakı “Abituriyent” köşklərində təşkil olunacaq.

Bank kartı ilə ödəniş etməklə də jurnalın elektron versiyasını (pdf formatında) əldə etmək mümkün olacaq. Bunun üçün istifadəçi abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı" düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompyuterinə yükləyərək ondan istifadə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.