CƏMİYYƏT
Orta məktəbdə yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb
Bakı, 20 aprel, AZƏRTAC
Ölkəmizdə təhsilin inkişafına kölgə salan korrupsiya və rüşvətxorluq kimi mənfi amillərlə mübarizə istiqamətində ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.
R.Sadıqov adına Bakı şəhəri 136 nömrəli tam orta məktəbin fəaliyyətinin yoxlanılmasına dair Təhsil Nazirliyindən daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Araşdırmalar zamanı orta məktəbin direktoru Lütfiyyə Qasımovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə 2013-2014-cü tədris ilində ayrı-ayrı müəllimlərə işdə üstün şərait yaratmaq, dərs yükünün artırılması müqabilində hər ay onlardan müxtəlif məbləğlərdə pul almasında, habelə məktəbin bəzi müəllimlərinin işə gəlmədikləri halda onların guya məktəbdə dərs aparmaları barədə bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil etməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda cinayət işi üzrə istintaq tədbirləri aparılır.