DÜNYA
Osakada qeyri-ənənəvi triatlon yarışı keçirilib
Tokio, 26 iyun, AZƏRTAC
Osakada dünyanın bir çox ölkələrindən gəlmiş idmançıların iştirakı ilə qeyri-ənənəvi triatlon yarışı keçirilib. Yarış idmançıların Osaka qəsrinin ətrafında yerləşən 750 metrlik xəndəyi üzüb keçməsi ilə başlayıb.
Beynəlxalq Triatlon İttifaqı ilk dəfə olaraq yarışlarda qəsrin ətrafında yerləşən xəndəkdən istifadə edib. Yerin seçilməsində məqsəd turistlərin diqqətini şəhərin görməli yerlərinə cəlb etmək olub. Yaponiyada xəndəkdə üzməyə, adətən, icazə verilmir.
Təşkilatçıların bildirdiyinə görə, yarışın keçirildiyi xəndək yosunlardan təmizlənib və buradakı su Yaponiya Ətraf Mühit Nazirliyinin tələblərinə uyğun həddə gətirilib. Suyun temperaturunun 27 dərəcə təşkil etdiyi bildirilir.
Üzgüçülük yarışından sonra idmançılar hündürmərtəbəli binaların yerləşdiyi rayonda velosipedlə 20 kilometr məsafəni qət edib və park boyunca 5 kilometr qaçıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio