DÜNYA
“Oskar” mərasimindən sonra aktrisanın dəyəri 150 min dollar olan paltarı oğurlanıb VİDEO
Bakı, 27 fevral, AZƏRTAC
Naməlum şəxslər keniyalı aktrisa Lyupita Nionqonun ötən bazar günü “Oskar” mükafatının təqdimetmə mərasimində geyindiyi mirvarilərlə bəzədilmiş paltarını oğurlayıblar.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, polis nümayəndələrinin məlumatına görə, aktrisanın unikal geyimi Los-Ancelesdəki mehmanxana nömrəsindən oğurlanıb.
Keniyalı aktrisanın “qırmızı xalı”da görünməsi mərasimlə bağlı ən önəmli ictimai hadisələrdən biri olmuşdu. Aktrisa Calvin Klein dizayn studiyasının xüsusi sifarişlə hazırladığı və 6 min ağ mirvari ilə bəzədilmiş geyimi ilə tamaşaçıları heyran etmişdi. Onun qiymətinin təxminən 150 min dollar olduğu bildirilir.
Meksikada keniyalı mühacir ailəsində anadan olan Lyupita Nionqo təhsilini ABŞ-da, nüfuzlu Yale universitetinin dramatik incəsənət məktəbində alıb. Keçən il 32 yaşlı aktrisa “12 il köləlikdə” filmində qaradərili qul rolunu ifa edərək, ən yaxşı ikinci plan qadın roluna görə “Oskar” mükafatına layiq görülüb.