MƏDƏNİYYƏT
“Oskar” mükafatı sahiblərinə təqdim edilmişdir VİDEO
Bakı, 3 mart (AZƏRTAC). ABŞ-ın Los Anceles şəhərində ənənəvi “Oskar” mükafatlarının təqdimat mərasimi olmuşdur.
AZƏRTAC xəbər verir ki, Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi və bu il 86-cı dəfədir keçirilən təqdimat mərasimdə 24 nominasiyada “Oskar” qaliblərinin adları açıqlanmışdır.
Təntənəli mərasim “Hollywood and Highland” əyləncə mərkəzinin “Dolby” teatrının səhnəsində baş tutmuşdur.
İtalyan rejissor Paolo Sorrentinonun “Böyük gözəllik” filmi “Xarici dildə ən yaxşı film”, “Köləliyin 12 ili” “Ən yaxşı film” və “Ən yaxşı adaptasiya olunmuş ssenari”, “Cazibə qüvvəsi” kosmik dramının xüsusi effektlərini hazırlamış komanda “Ən yaxşı xüsusi effektlər”, kinorejissor Morqan Nevillin “Ulduz olmağa 20 fut qalmış” sənədli filmi “Ən yaxşı sənədli film”, danimarkalı Anders Valterin “Helium” filmi “Ən yaxşı qısametrajlı bədii film”, “6-cı nömrədəki ledi” “Ən yaxşı qısametrajlı sənədli film”, “O” “Ən yaxşı orijinal adaptasiya olunmuş ssenari” nominasiyalarının qalibi olmuşlar.
“Arxa planda ən yaxşı kişi rolu” nominasiyasında “Oskar”a aktyor Cared Leto, “Arxa planda ən yaxşı qadın rolu” nominasiyasında isə “Köləliyin 12 ili” filmindəki roluna görə aktrisa Lupita Nionqo layiq görülmüşlər.
“Böyük Qetsbi” filmi “Ən yaxşı kostyum dizaynı” və “Ən yaxşı prodüser dizaynı”, “Dallas alıcılar klubu” lenti “Ən yaxşı qrim”, “Disney” studiyasının çəkdiyi “Frozen” (“Donmuş qəlb”) multfilmi “Ən yaxşı animasiya filmi”, “Cənab illüminator” “Ən yaxşı qısametrajlı animasiya filmi” nominasiyalarında “Oskar” almışlar.
“Ən yaxşı mahnı” nominasiyası “Frozen” (“Donmuş qəlb”) animasiya filmindəki “Let It Go” musiqisinə verilmişdir.
“Cazibə qüvvəsi” filmi “Ən yaxşı səs”, “Ən yaxşı səs montajı”, “Ən yaxşı operator işi”, “Ən yaxşı montaj”, “Ən yaxşı musiqi” nominasiyalarının da qalibi olmuşdur.
“Ən yaxşı rejissor” nominasiyasında “Cazibə qüvvəsi” filminə görə Alfonso Kuaron qalib elan edilmişdir.
Aktrisa Keyt Blanşett kinorejissor Vudi Allenin “Yasəmən” filmindəki baş roluna görə “Ən yaxşı aktrisa”, Mettyu Makkonehi “Dallas alıcılar klubu”ndakı baş roluna görə “Ən yaxşı aktyor” nominasiyalarında “Oskar” almışlar.
Dünya kinematoqrafına verdiyi töhfələrə görə fəxri “Oskar”lar aktrisa Ancela Lensberi, aktyor Stiv Marin və kostyumçu Pyero Toziyə verilmişdir. Cin Herşolt adına humanitar mükafat isə Ancelina Coliyə təqdim olunmuşdur.