DÜNYA
Ən yaxşı rejissor və aktyorlara “Oskar” mükafatı təqdim olunub
Bakı, 27 fevral, AZƏRTAC
“La La Land” musiqili filminin rejissoru 32 yaşlı Demen Şazell “Ən yaxşı rejissor işi” nominasiyasında “Oskar” mükafatına layiq görülüb. Qalibin adı Amerika Kinoşünaslıq Akademiyasının mükafatının fevralın 26-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən 89-cu təqdimetmə mərasimində elan olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, kanadalı aktyor Rayan Hoslinq və amerikalı aktrisa Emma Stounun baş rolda çəkildiyi Demen Şazellin romantik müzikli bu mövsümün favoriti olub və namizədliyi irəli sürülən bütün 7 nominasiyada “Qızıl qlobus” mükafatını əldə edib. Bu əsər, həmçinin 4 kateqoriyada Britaniya Kino və Televiziya Sənəti Akademiyasının, ABŞ Rejissorları Gildiyasının (kinoda nailiyyətlərinə görə), ABŞ Kinoaktyorları Gildiyasının (Emma Stoun üçün ən yaxşı qadın rolu) və Venesiya kinofestivalının mükafatlarını qazanıb.
Ən yaxşı rejissor adı uğrunda, eyni zamanda Deni Vilnev (“Arrival”), Mel Gibson (“Hacksaw Ridge”), Kennet Lonerqan (“Manchester by the Sea”) və Barri Cenkins (“Moonlight”) mübarizə aparıb.
“La La Land” filmində baş rolun ifaçısı Emma Stoun “Ən yaxşı aktrisa”, “Manchester by the Sea” filmində baş rolun ifaçısı Keysi Afflek “Ən yaxşı aktyor”, Denzel Vaşinqtonun “Fences” filmində rol alan Viola Devis “İkinci planda ən yaxşı qadın rolu”, “Moonlight” filmində rol alan amerikalı aktyor Maherşala Əli isə “İkinci planda ən yaxşı kişi rolu” nominasiyasının qalıbı olub.
“Ən yaxşı film” kateqoriyasında isə qalib adını “Moonlight” (“Ay işığı”) filmi “qazanıb.
Mükafatların təqdimatı Dolby teatrında keçirilir və ABC telekompaniyası tərəfindən 225 ölkədə yayımlanır.