DÜNYA
“Oskar”ın təqdimat mərasimində iranlı rejissoru iranlı kosmonavt təmsil edib
Tehran, 27 fevral, AZƏRTAC
İranın tanınmış rejissoru Əsgər Fərhadinin çəkdiyi “Furuşəndə” (“Satıcı”) filmi Amerika Kinoşünaslıq Akademiyasının mükafatının fevralın 26-da ABŞ-ın Los-Anceles şəhərində keçirilən 89-cu təqdimetmə mərasimində “Ən yaxşı xarici film” nominasiyasında qalib elan edilib.
İRNA-nın məlumatına görə, Avstraliyanın “Tena”, Almaniyanın “Toni Erdman”, Danimarkanın “Mina Ərazisi” və İsveçin “Ove adlı kişi” filmləri mükafatlandırma mərasimində “Furuşəndə” filminin rəqibləri olublar.
Bu, Ə.Fərhadi və İran kinosunun ikinci “Oskar” mükafatıdır. Rejissorun "Nadirin Simindən ayrılığı" filmi 2012-ci ildə də “Oskar”a layiq görülmüşdü.
Maraqlıdırki, “Furuşəndə” filminin rejissoru və çəkiliş qrupu ABŞ prezidenti Donald Trampın miqrantlar əleyhinə fərmanına etiraz olaraq mükafatlandırma mərasimində iştirak etməyiblər. Amerikada yaşayan ilk iranlı qadın kosmonavt Ənuşə Ənsari və NASA-nın sabiq direktorlarından biri olmuş əslən iranlı Firuz Nadiri onların nümayəndəsi olaraq mərasimə qatılıblar.
Mərasimdə Ə.Fərhadinin məktubu oxunub. Məktubda bildirilıb ki, onun mükafatlandırma mərasimində iştirak etməməsinin səbəbi miqrantların ABŞ-a girişini qadağan edən qeyri-insani qanunla hörmətsizliklə üzləşən İran və 6 ölkə vətəndaşlarına hörmətin ifadəsidir.
Ə.Fərhadinin məktubu mərasim iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Xatırladaq ki, əldə etdiyi uğura görə Ə.Fərhadini İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif şəxsən təbrik ediblər.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran