DÜNYA
Otellərin əcnəbilər barədə milisə məlumat vermək öhdəliyi turistləri Belarusdan uzaqlaşdırmayacaq
Minsk, 2 iyul, AZƏRTAC
Belarusda otellərin əcnəbilər barədə milisə məlumat vermək öhdəliyi ölkənin turizm cəhətdən cəlbediciliyinə xələl gətirməyəcək.
AZƏRTAC xəbər verir ki, bu fikri Belarusun idman və turizm naziri Aleksandr Şamko BELTA-nın müxbirinə müsahibəsində söyləyib. Nazir deyib: “Əgər bu prosedur həyata düzgün keçirilərsə, düzgün mexanizm tətbiq edilərsə, narahatlıq olmayacaq. Buna görə də prosedurda ölkəni turistlərin gözündən salacaq məqam görmürəm. Biz qarşımıza narahatlığı minimuma endirmək vəzifəsi qoyuruq”.
Nazir yeni qaydaya təhlükəsizlik və digər ölkələrdə baş verən faciəli hadisələr, o cümlədən Türkiyədə törədilən terror aktı baxımından nəzər yetirməyi təklif edib. O deyib: “Təhlükəsizlik məsələlərini anlamaq lazımdır. Bu baxımdan ölkəmizin imici yaxşıdır, hər kəs burada özünü rahat hiss edir və məhdudiyyət olmadan küçələrdə gəzə bilər. Halbuki Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyada turist və idmançılara müəyyən vaxtdan sonra küçəyə çıxmamağı, özü ilə minimum məbləğdə pul və qiymətli sənədlər götürməyi tövsiyə edirlər. Belarusda bu barədə söhbət yoxdur və bunu qiymətləndirmək lazımdır”.
Xatırladaq ki, iyunun 30-da Belarus Respublikası Şurası məcburi miqrasiya məsələlərinə dair bəzi qanunlara dəyişiklik edib. Belarus daxili işlər nazirinin müavini Nikolay Melçenko yeni qaydaları şərh edərək deyib: “Mehmanxanalar və əcnəbi qonaqların yerləşdiyi digər subyektlərin üzərinə orada yerləşən əcnəbilər barədə daxili işlər orqanlarına məlumat vermək öhdəliyi qoyulur. Bu dəyişiklik milli təhlükəsizliklə bağlı tətbiq edilir, o cümlədən beynəlxalq axtarışda olan şəxslərin axtarışına kömək edəcək”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk