SİYASƏT


Ötən 25 il Azərbaycan-Bolqarıstan əməkdaşlığı üçün mühüm uğurlarla yadda qalıb

Sofiya, 14 fevral, AZƏRTAC 

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə əlaqədar Bolqarıstan Jurnalistlər İttifaqının nəşri olan “Çerno i Byalo” (Qara və Ağ) jurnalına müsahibə verib. Müsahibə “Azərbaycan və Bolqarıstan çox oxşardır, aralarındakı münasibətlər dinamik və səmərəli şəkildə inkişaf edir” sərlövhəsi ilə jurnalın rəsmi internet səhifəsində də yerləşdirilib.

Səfir 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfərinin əlaqələrin inkişafına güclü təkan verdiyini qeyd edib. O, hər iki ölkənin yüksək səviyyəli rəsmi şəxslərinin ötən il ərzində həyata keçirilmiş qarşılıqlı səfərlərindən danışıb. Bu səfərlər zamanı keçirilən görüşlərdə Azərbaycan-Bolqarıstan əlaqələrinin genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi bildirilib.

Diplomat Heydər Əliyev Fondunun Azərbaycanda və xaricdə sosial-iqtisadi, humanitar proqramların, layihələrin həyata keçirilməsində yaxından iştirak etməsindən, təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya və digər sahələrdə müxtəlif layihələr həyata keçirməsindən, ölkənin bir çox sahələrinin inkişafında mühüm rol oynamasından söhbət açıb. Fondun bir çox ölkədə tarixi və mədəni abidələrin qorunması və bərpası layihələrində iştirak etdiyini xatırladan səfir XII-XIV əsrlərdə Avropanın aparıcı mədəni, tarixi və siyasi mərkəzlərindən biri olmuş Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun Bolqarıstan və bütün Avropanın mədəni irsi hesab edildiyini, Fond tərəfindən qəbul edilmiş qərarın Azərbaycanda tolerantlıq, dözümlülük və qarşılıqlı hörmətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Səfir 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğunu, bu çərçivədə bir neçə tədbirin, o cümlədən mədəniyyət sahəsində tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu qeyd edib. N.Qurbanova ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini, bununla yanaşı, başqa sahələr üzrə də qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq üçün böyük potensialın mövcud olduğunu bildirib. Yüksək səviyyəli siyasi əlaqələrin iqtisadi əməkdaşlıq üçün də böyük imkanlar açdığını söyləyən səfir dövlətimizin iqtisadiyyat sahəsində əsas prioritetlərinin neft sektoru ilə yanaşı, kənd təsərrüfatı, nəqliyyat, turizm, informasiya və kommunikasiya texnologiyaları və digər perspektivli sahələr olduğunu qeyd edib. Səfir azərbaycanlı iş adamlarının digər ölkələrdən olan tərəfdaşları ilə əməkdaşlıqda və beynəlxalq bazarlara çıxmaqda maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın və Bolqarıstanın strateji coğrafi mövqeyinə nəzər salan diplomat iqtisadi əlaqələrin inkişafı üçün nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb, ölkəmizin Avrasiya qitəsində malların daşınması üçün zəruri infrastruktura malik olduğunu bildirib. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi və nəqliyyat sahəsində aparılan islahatlar barədə danışan səfir görülən bu ardıcıl tədbirlər nəticəsində Azərbaycanın Avropa və Asiya tranzit nəqliyyatındakı rolunun əhəmiyyətli dərəcədə artdığını, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı olduğunu bildirib. N.Qurbanova, həmçinin Azərbaycanın və Bolqarıstanın turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsinin hər iki ölkədə turizm imkanlarının təbliği üçün geniş imkanlar aça biləcəyini söyləyib.

Azərbaycanda media ilə bağlı vəziyyət barədə sualı cavablandıran səfir ölkəmizdə mətbuatın zəngin tarixə malik olduğunu diqqətə çatdırıb. Dövlətin media və söz azadlığına dəstəyini xatırladan diplomat müstəqilliyimizin bərpasından sonra Azərbaycan dövlətinin bu sahədə mövcud olan bütün maneələrin aradan qaldırılması üçün tədbirlər gördüyünü və KİV-lərin sərbəst fəaliyyəti və inkişafı üçün şərait yaratdığını qeyd edib. O, Azərbaycanda təqribən 40 gündəlik, 200 həftəlik və aylıq qəzetin nəşr olunduğunu, 1 peykin, 10 milli, 13 regional və 17 kabel televiziyası kanallarının fəaliyyət göstərdiyini, insanların internetdən sərbəst istifadə etdiyini, 10 milyona yaxın əhalinin 2 milyonunun sosial şəbəkələrdən faydalandığını diqqətə çatdırıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Sofiya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.