İQTİSADİYYAT


Ötən 6 ayda 10.582 “Elektron imza” sertifikatı istifadəyə verilib

Bakı, 14 iyul, AZƏRTAC

Azərbaycanda “Elektron imza” sertifikatlarının sayının artması ilə yanaşı, onun istifadə miqyası da genişlənməkdədir. Belə ki, Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı 10.582-yə çatıb. Onlardan dövlət qurumlarının payına 3.440, fiziki şəxslərin payına 2.582, hüquqi şəxslərin payına isə 4.560 “Elektron imza” sertifikatı düşür.

Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, son bir ayda istifadəyə verilmiş “Elektron imza” sertifikatlarının sayı isə 3 minə yaxın olub. Yəni, 2017-ci ilin təkcə iyun ayında verilən 2736 “Elektron imza” sertifikatının 534-ü dövlət qurumlarının, 622-si hüquqi şəxslərin, 1580-i isə fiziki şəxslərin payına düşür.

“Elektron imza” sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 iyul tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 69.422, fiziki şəxslər üzrə 19.792, hüquqi şəxslər üzrə isə 21.584 olmaqla, ümumilikdə 110.798 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Bundan əlavə, məntiqi olaraq elektron imza vasitəsilə həyata keçirilmiş əməliyyatların sayı da artmaqda davam edir. Belə ki, bu günədək dövlət qurumları tərəfindən toplam 18.858.500, hüquqi və fiziki şəxslər üzrə toplam 4.777.203 olmaqla, ümumilikdə 23.635.703 audentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2017-ci ilin ilk 6 ayı ərzində isə aparılan əməliyyatların ümumi sayı 5.782.910 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 24.47 faizi deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 4.062.106, hüquqi və fiziki şəxslərin payına isə toplam 1.720.804 audentifikasiya və elektron imza əməliyyatı düşür.

Qeyd edək ki, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitələrdən biridir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur. Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.