İQTİSADİYYAT
Ötən 9 ay Suraxanı rayonunun sosial-iqtisadi inkişafı üçün uğurlu olub
Suraxanı rayonunda cari ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə əlaqədar hesabat yığıncağı keçirilib.
Rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov iclasda çıxış edərək bildirib ki, 2014-cü ilin 9 ayı ərzində Suraxanıda sənaye məhsulunun istehsalı 284 milyon manat, tikinti işləri 145 milyon manat, nəqliyyat xidmətləri 13 milyon manat, əsas kapitala yönəldilən investisiyalar 70 milyon manat, orta aylıq əmək haqqı 576 manat olub. Pərakəndə ticarət dövriyyəsi 8,5 faiz artaraq 220 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 20,8 faiz artaraq 175 milyon manat təşkil edib, 2653 yeni iş yeri açılıb.
İcra başçısı rayon əhalisinin kommunal xidmətlərinin daha da yaxşılaşdırılması, məktəb binalarının, uşaq bağçalarının tikintisi, əsaslı təmiri, abadlıq, quruculuq tədbirlərinin həyata keçirilməsi, vətəndaşların problemlərinin həlli istiqamətində görülən işləri konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, 2014-cü ilin 9 ayı ərzində Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7306 nəfərə 4,3 milyon manat sosial müavinət, 2320 ailəyə 3 milyon manat ünvanlı sosial yardım ödənilib, 251 nəfər tənha və əlil vətəndaşa evlərində sosial xidmət göstərilib. Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında bu dövr ərzində əhaliyə 613 ton kənd təsərrüfatı məhsulları satılıb. Ötən müddətdə vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılıb, onların problemlərinin həllinə hərtərəfli kömək göstərilib.
Yığıncaqda rayon təsərrüfatının payız-qış mövsümünə hazırlığı da müzakirə olunub.
Məruzə ətrafında Milli Məclisin deputatı Sevinc Fətəliyeva və başqaları çıxış ediblər.