REGİONLAR


Ötən altı ayda Duzdağ Fizioterapiya Mərkəzinə 3 mindən çox müraciət olub

A+ A

Naxçıvan, 26 iyul, AZƏRTAC

Bu ilin ilk yarısında Duzdağ Fizioterapiya Mərkəzinə “Duzdağ” oteli də daxil olmaqla, 3 min 150 müraciət ünvanlanıb. Müraciət edənlərin 110 nəfərini xarici ölkə vətəndaşları təşkil edib. Burada müalicə alanlar, əsasən, Türkiyə, Rusiya, ABŞ, Qazaxıstan, Moldova, Ukrayna, İran vətəndaşları olub.

Duzdağ Fizioterapiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, mərkəzə ötən il 4 minə yaxın müraciət olub. Müraciət edənlərin 228 nəfərini xarici ölkə vətəndaşları təşkil edib.

Qeyd edək ki, yer altındakı müalicə mərkəzi girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir. Burada iki qadın, iki kişi, bir uşaq palatası və iki istirahət foyesi fəaliyyət göstərir. Yer altındakı duz dağının qalınlığı 8,2 metrdir. Havanın temperaturu 18-20 dərəcə, nisbi rütubət isə 24-50 faiz arasında dəyişir. Mərkəzdə duz layları arasında oksigen havanın 20 faizini təşkil edir ki, bu da ağciyər xəstəliklərindən əziyyət çəkənlərə təbiətin bəxş etdiyi ən gözəl dərmandır. Duzun tərkibindəki zəngin minerallar və kimyəvi elementlər də orqanizmə müsbət təsir göstərir. Oksigen və zəngin duz minerallarının yaratdığı hava ağciyər xəstəlikləri – bronxial-astma və bu kimi xroniki xəstəliklərin müalicəsində müstəsna rola malikdir. Burada istənilən adam müalicə ala bilər. Yalnız müalicə kursları fərqlidir. Uşaqlar 12-15, böyüklər isə 14-18 gün burada qalmaqla, müalicə almış olurlar.

Mərkəzdə ilin istənilən fəslində müalicə almaq olar. Səhiyyə ocağında spleoterapiya Ukraynanın Ujqorod xəstəxanasının metodik göstərişlərinə uyğun aparılır. Xəstələr əvvəlcə 2-3 gün xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra axşam saat 18.00-dan səhər saat 8.00-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma qeydə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.