REGİONLAR


Ötən altı ayda İsmayıllıda əsas kapitala 9 milyon manata yaxın investisiya qoyulub

A+ A

İsmayıllı, 22 iyul, AZƏRTAC 

İsmayıllı rayonunda cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov altı ayda 68 milyon 931 min manat məbləğində ümumi məhsul istehsal olunduğunu, bu müddətdə əsas kapitala 8 milyon 914 min 200 manat investisiya qoyulduğunu, 3 milyon 212 min 700 manat dəyərində əsas fondların istifadəyə verildiyini diqqətə çatdırıb.

Məruzədə, eləcə də müzakirələrdə ilin birinci yarısında tikinti-quruculuq işləri sahəsində bir çox layihələrin həyata keçirildiyi bildirilib. Bu müddətdə yaşayış evləri, inzibati binalar, yollar tikilib və ya əsaslı təmir olunub. M.F.Axundzadə küçəsində 2 doqquzmərtəbəli yaşayış binasının, velosiped istehsalı zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC-nin 1500 başlıq iri heyvandarlıq kompleksinin, Qalınçaq kəndində “Şən fermer” MMC-nin hind toyuğu istehsal edəcək fabrikinin tikintisi davam etdirilib. Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”də tikinti-quraşdırma işləri başa çatdırılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Bu stansiya rayonun elektrik enerjisi ilə davamlı təchiz olunmasını təmin edəcək.

İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin, Xanəgah kəndi yaxınlığında dam örtükləri istehsal edəcək zavodun, Mollaisaqlı kəndində 30 başlıq südlük, 25 başlıq kökəltmə istiqamətli iribuynuzlu mal-qara üçün tövlənin tikintisi başa çatdırılıb. Habelə, İsmayıllı şəhəri ərazisində meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, yeni quşçuluq fabrikinin tikintisi, Talış kəndində gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı sexində avadanlıqların quraşdırılması işləri aparılıb.

Qeyd olunub ki, 27 min nəfər əhalinin yaşadığı 37 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirən respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolu istismara verilib. Yol tikintisi zamanı Mehmanxanlı çayı üzərində uzunluğu 25 metr olan yeni aşırma körpü də tikilib.

Məruzə və çıxışlarda aqrar sektorda - taxılçılıq, üzümçülük, meyvəçilik, o cümlədən heyvandarlıq sahələrində görülən işlərdən də ətraflı bəhs olunub. Vurğulanıb ki, hazırda cari ilin məhsulu üçün yetişdirilən 29342 hektar taxıl zəmisində biçin kampaniyası davam etdirilir. Hələlik 99075 ton taxıl istehsal olunub, dəmyə şəraitində hər hektardan 35,03 sentner məhsul götürülür. Hazırda biçilməmiş 1026 hektar zəmidə kampaniya davam edir.

Hesabat yığıncağında təhsil, səhiyyə, mədəniyyət, turizm sahələrində görülən işlərdən, habelə qarşıda duran vəzifələrdən də danışılıb. Əminliklə vurğulanıb ki, ismayıllılar ölkəmizin sosial-iqtisadi qüdrətinin daha da artırılmasında Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla həyata keçirilməsində əllərindən gələni əsirgəməyəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.