REGİONLAR
Ötən altı ayda Kəngərli rayonunda yeni nailiyyətlər əldə olunub
Kəngərli, 31 iyul, Rauf Əliyev, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon İcra Hakimiyyətində 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, müşavirəni rayon icra hakimiyyətinin başçısı Ramiz Cəfərov açaraq, bu ilin 6 ayı ərzində rayonda görülən işlər barədə danışıb.
Ramiz Cəfərov bildirib ki, 2015-ci il iyulun 21-də dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin on birinci sessiyasında qarşıya mühüm vəzifələr qoyulub, müvafiq tapşırıqlar verilib. Tapşırıqların icrasının təmin olunması üçün Kəngərli Rayon İcra Hakimiyyəti bütün imkanlardan maksimum istifadə etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Qeyd olunub ki, “Kənd təsərrüfatı ili” elan olunan 2015-ci ilin ötən dövrü ərzində rayonda bu sahənin inkişaf etdirilməsi əsas məqsədlərdən biri olub. Cari ildə rayon üzrə, ümumilikdə, 2780 hektar yazlıq əkin aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 hektar çoxdur. Rayon ərazisində payızlıq taxılla birlikdə, ümumilikdə 4735 hektar taxıl əkilib. Hazırda rayonun taxıl zəmilərində biçin kampaniyası yekunlaşıb. Bu günədək biçin aparılan taxıl sahələrindən yüksək məhsuldarlıq əldə edilib.
Əkinçiliyin inkişafında suvarma təsərrüfatı sahəsində görülən işlərin də mühüm rol oynadığını diqqətə çatdıran Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı deyib ki, 2015-ci ilin aprel ayında Uzunoba Su Anbarından qidalanan hər birinin uzunluğu 16,2 kilometr olan təbii axınlı boru xətti, 3 aqreqatlıq nasos stansiyası, 8,7 kilometr təzyiqli boru xətti, 1500 kubmetrlik qəbuledici və 250 kubmetrlik supaylayıcı hovuz istifadəyə verilib. Rayonun Böyükdüz kəndində 2 min hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün yeni suvarma xətti çəkilib.
Bildirilib ki, 2015-ci ilin altı ayı ərzində Kəngərli rayonu ərazisində geniş quruculuq və tikinti işləri aparılıb və bu işlər davam etdirilməkdədir. Rayon mərkəzində rayon Təhsil şöbəsi, Uşaq Gənclər Şahmat Məktəbi, elektrik şəbəkəsi üçün yeni binalar və Qıvraq Elektrik Yarımstansiyası tikilərək istifadəyə verilib, Qıvraq qəsəbəsində ticarət mərkəzi və mərasim evinin tikintisi başa çatdırılıb, qəsəbə məscidi əsaslı təmir olunubdur. Hazırda rayonun Yurdçu kəndində orta məktəb binası, kənd mərkəzi və Xidmət mərkəzi üçün binaların tikintisi aparılır. Eyni zamanda, müasir və rahat yol şəbəkələrinin yaradılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilib. Ümumi uzunluğu 16 kilometr olan Xanlıqlar-Püsyan-Qıvraq avtomobil yolunda torpaq işləri başa çatdırılıb, asfaltın döşənməsinə başlanılıb. Rayonun Qıvraq qəsəbə, Qarabağlar və Yurdçu kəndlərində daxili yollarda təmir işləri aparılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.