CƏMİYYƏT
Ötən ay Azərbaycanın dövlət sərhədini pozduqları üçün 48 nəfər saxlanılıb VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2015-ci ilin dekabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 31 halda 48 nəfər saxlanılıb. Onların 21-i Azərbaycan, 13-ü Banqladeş, 5-i Özbəkistan, 4-ü İran, hər ölkədən bir nəfər olmaqla Rusiya, Qırğızıstan, Pakistan, Tacikistan, Moldova vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozduqlarına görə Xəzər dənizində beş halda 5 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 399 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində on üç halda 13 kiloqram 123 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Dekabrın 6-da Biləsuvar rayonunun Səmədabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən axtarış tədbirləri nəticəsində dövlət sərhədində gizlədilmiş 6 kiloqram 190 qram heroin, 3 kiloqram 65 qram marixuana, 1 kiloqram 160 qram tiryək, 30 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Dekabrın 18-də Cəlilabad rayonunun Zəhmətabad kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Cəlilabad rayon sakini Əliyev Cavid Zikrəli oğlu 1 kiloqram tiryək və 1,3 kiloqram heroini Azərbaycan Respublikasına gətirmək istəyərkən yaxalanıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 71 halda ümumi dəyəri təqribən 932 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd beşaçılan tüfəng, 26 ədəd 12 millimetrlik patron, 2 beşbarmaq, 20.020 ABŞ dolları, 14 mobil telefon, 1 durbin, 10.444 qutu siqaret, 11.121 ədəd pirotexniki vasitə, müxtəlif dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.