REGİONLAR
Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən 39 mindən artıq sərnişin istifadə edib
Naxçıvan, 24 sentyabr, AZƏRTAC
Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində görülən işlər avqust ayında da davam etdirilib, xidmətin səviyyəsi yüksəldilib. Ay ərzində yerli hava xətti ilə 39 min 129 sərnişin, 73 min 293 kiloqram baqaj, 41 min 838 kiloqram yük və 1905 kiloqram poçt daşınıb.
Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq hava xətləri üzrə isə Naxçıvan-Moskva reysi ilə 490 sərnişin, 5 min 146 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 613 sərnişin və 6 min 873 kiloqram baqaj daşınıb.
Aerovağzal binasında teleskopik traplara, nəzarət müşahidə kameralarına və kompyuterlərə texniki baxış keçirilib, nasazlıqlar vaxtında aradan qaldırılıb. Hava gəmilərinə uçuşdan sonra və uçuşqabağı texniki baxış reallaşdırılıb. Həmçinin aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, istilik və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib. Bundan başqa, istismarda olan bütün növ xidməti avtomobillər qış mövsümünə hazırlanıb, onların işlək vəziyyətdə olması diqqətdə saxlanılıb.
Hava limanı əməkdaşlarının peşə bacarığını artırmaq məqsədilə keçirilən təlimlər ötən ay da davam etdirilib.