REGİONLAR
Ötən ay Naxçıvanda 23 min 415 sərnişin hava nəqliyyatı xidmətindən istifadə edib
Naxçıvan, 5 avqust, AZƏRTAC
Muxtar respublikada hava nəqliyyatı sisteminin inkişafı diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, hər ötən ay bu xidmətdən istifadə edənlərin sayı artır.
Naxçıvan Beynəlxalq Hava Limanından AZƏRTAC-a bildirilib ki, iyul ayında yerli hava xətti ilə 22 min 537 sərnişin, 390 min 959 kiloqram baqaj, 65 min 394 kiloqram yük və 1247 kiloqram poçt daşınması həyata keçirilib. Xidmətdən istifadə edənlərin sayının artmasını beynəlxalq hava xətləri üzrə uçuşlara da şamil etmək olar. Belə ki, bəhs olunan dövrdə Naxçıvan-Moskva istiqamətində 284 sərnişin, 3956 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə isə 594 sərnişin və 6852 kiloqram baqaj daşınıb.
Daşımaların vaxtında və təhlükəsiz təmin edilməsi məqsədilə bütün xidmətlərin nümunəvi təşkili nəzarətdə saxlanılıb. Bu dövrdə uçuş-enmə zolağı və perronda təmir işləri görülüb, transformator və işıqlandırma avadanlıqlarının sazlığı təmin edilib. Hava hərəkətini idarəetmə məntəqəsində yeni sistemin quraşdırılması üçün 900 metr uzunluğunda fiber-optik kabel xətti çəkilib, müasirtipli yeni işıq-siqnal idarəetmə sistemi quraşdırılıb. Hava gəmilərinə texniki xidmət işləri də təlimata uyğun yerinə yetirilib.
İyul ayında aerovağzal binasında yenidənqurma işləri davam etdirilib, xüsusi avtonəqliyyat xidməti və hərbi komendantlıq binalarında təmir işləri aparılıb. Bundan başqa, hava limanı kompleksinin bütün binalarında, o cümlədən Şərur və Ordubad şəhərlərindəki aviakassalarda sistem və avadanlıqlara mütəmadi texniki baxış keçirilib, maşın-mexanizmlərin, nasosların, istilik, işıq və havalandırma sistemlərinin normal fəaliyyəti təmin edilib.
Ötən ay xidmətin nümunəvi təşkili və təhlükəsizliyin təmin olunması məqsədilə təlimlər də davam etdirilib, işçilər aerovağzal binasında yeni quraşdırılan sərnişin körpüsü və teleskopik trapların istismarı mövzularında keçirilən kurslarda iştirak ediblər. Sahələrdə şəxsi heyətlə profilaktik söhbətlər davam etdirilib, taktiki məşğələlər keçirilib, işçilərə təhlükəsizlik texnikası və yanğın mühafizəsi qaydaları izah olunub.