İQTİSADİYYAT
Ötən ay SOCAR 10 min tonadək dizel yanacağı ixrac edib
Bakı, 1 iyun, AZƏRTAC
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin may ayında 9 min 996 ton dizel yanacağı, 1783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumilikdə cari ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac olunub.
May ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 520,58 ABŞ dolları, təyyarə yanacağının - 471,86 dollar, dizel yanacağının - 442,95 dollar, 1 faizli kükürdlü mazutun - 299,83 dollar, yüksək təzyiqli polietilenin 1222,50 dollar, butilen butadien fraksiyasının 635,27 dollar, maye piroliz qətranının - 520,58 dollar, propilenin 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin isə 1592,50 avro təşkil edib.