CƏMİYYƏT
Ötən ay dövlət sərhədini pоzduqlarına görə 40 nəfər saxlanılıb VİDEO
Bakı, 12 may, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən apreldə dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qеyri-lеqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 40 nəfər saxlanılıb. Onların 13-ü Azərbaycan Respublikası, 5-i İraq, 4-ü Özbəkistan, 4-ü Tacikistan, 3-ü Pakistan, 3-ü İran İslam Respublikası, 2-si Gürcüstan, 2-si Nigeriya, 2 nəfəri Qana, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun vətəndaşları olublar.
Sərhəd rejim qaydalarını pozarkən 672 halda 854 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 323 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 kiloqram 046,3 qram narkotik maddə aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində ümumi dəyəri təqribən 555 min 368 manat olan qaçaqmal, о cümlədən 2 tüfəng, 1 tapança, 2 pnevmatik tapança, 3 tank əleyhinə mina, 775 patron, 1 tapança darağı, 1ov bıçağı, 1 optik cihaz, 1 kompas, 710 min Rusiya Federasiyası rublu, 4980 qram civə, 44 gümüş əşyalar, 10 qayıq, 7 elektron kassa aparatı,12 kiloqram zəli, 14 min 171 qutu siqaret, 79 mobil tеlеfоn, 15 min 660 müxtəlif növ dərman preparatları, 17 Ermənistan istehsalı olan spirtli içkilər, sənaye və kənd təsərrüfatı malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.