CƏMİYYƏT


Ötən ay nikaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Ölkəmizdə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan bu ilin sentyabr ayının sonuna qədər 197554 nəfər tibbi müayinədən keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yalnız sentyabr ayı ərzində nikaha daxil olmaq istəyən 10990 nəfər müayinə edilib. İndiyədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkarlanıb. Ümumilikdə isə müayinədən keçən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu müəyyən edilib. Müayinələr nəticəsində ailə qurmaq istəyən 9131 nəfərdə talassemiya daşıyıcılığı, 749 nəfərdə sifilis, 133 nəfərdə isə QİÇS aşkar olunub.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə əlaqədar 2015-ci il iyunun 1-dən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Bu məqsədlə səhiyyə müəssisələrində hər cür zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.