REGİONLAR
Ötən dərs ilində Zaqatalanın 2 məktəbi və 2 müəllim respublika müsabiqəsinin qalibi adını qazanıb
Zaqatala, 9 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsil cəmiyyətin inkişafını şərtləndirən başlıca amillərdən, hər bir dövlətin inkişaf strategiyasında mühüm rol oynayan əsas prioritet sahələrdən biridir.
AZƏRTAC xəbər verir ki, bu fikir Zaqatala rayon təhsil işçilərinin sentyabrın 9-da Heydər Əliyev Mərkəzində keçirilən konfransında səsləndirilib.
Rayonun təhsil işçiləri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Konfransın əvvəlində təhsilə dövlət qayğısından bəhs edən film nümayiş etdirilib.
Rayon təhsil şöbəsinin müdiri Habil Qurbanovun hesabat məruzəsində 2015-2016-cı dərs ilinin yekunları ətraflı təhlil olunub, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışılıb.
Qeyd olunub ki, bu gün dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan təhsilinin nailiyyətlərinin gündən-günə artmasının, inkişaf etməsinin və dünya təhsilinə qovuşmasının təməlində Ulu Öndər tərəfindən müəyyən edilmiş siyasi kurs və bu kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi durur.
Diqqətə çatdırılıb ki, 2015-2016-cı dərs ilində rayonda fəaliyyət göstərən 66 ümumtəhsil məktəbində 16 min 237 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 2745 müəllim məşğul olub. Məktəb binalarından 54-ü birtipli layihə əsasında tikilib, 12 məktəb isə uyğunlaşdırılmış binalarda yerləşdirilib. Məktəblərin 60-da tədris birnövbəli, 6 məktəbdə isə ikinövbəli olub.
Ali məktəblərə builki qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu vurğulayan təhsil şöbəsinin müdiri sənəd vermiş 455 məzundan 351 nəfərinin, yəni imtahanda iştirak edənlərin 77 faizinin tələbə adını qazandığını diqqətə çatdırıb. Bundan əlavə, əvvəlki illərin məzunlarından 39 nəfər ali məktəblərə daxil olub. Qəbul imtahanlarında məzunlardan 26 nəfər 600-dən, 44 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.
Diqqətə çatdırılıb ki, ötən tədris ilində Zaqatala şəhərindəki 2 və 3 nömrəli tam orta məktəblər “Ən yaxşı ümumtəhsil məktəbi”, iki müəllim isə “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanıb. Eyni zamanda, bir nəfər təhsil işçisi “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Konfransda rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev çıxış edərək, rayonun təhsil işçilərinə yeni dərs ilində uğurlar arzulayıb, tövsiyələrini bildiriblər.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara və bir qrup təhsil işçisinə mükafatlar təqdim edilib.