REGİONLAR
Ötən dörd ayda Ağcabədidə 426 nəfər işlə təmin olunub
Ağcabədi, 20 may, AZƏRTAC
Ağcabədi rayonunda işsiz vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 2017-ci ilin 4 ayı ərzində mərkəzə müraciət edən 706 nəfər iş axtarandan 426-sı, o cümlədən sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 4 nəfər kvota üzrə ayrılmış iş yerləri ilə təmin edilib. Vətəndaşların 144-ü tikinti, 119-u kommunal xidmət, 42-si neft-qaz, 44-ü çoxmənzilli binaların təmiri sahəsində işə düzəliblər. Bu dövrdə 27 nəfərə işsiz statusu verilərək müavinət ödənilib.
Prezident İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq, özünüməşğulluq proqramı çərçivəsində rayonda işsiz və işaxtaran şəxslərin ailə təsərrüfatlarını yaratmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı işləri də həyata keçirilir. İlin əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 15 nəfər işsiz və işaxtaran şəxsə aktivlər verilib. Vətəndaşlar verilmiş aktivlər hesabına əsasən kənd təsərrüfatı və xidmət sahələri üzrə öz ailə təsərrüfatlarını formalaşdırıblar.