İQTİSADİYYAT
Ötən il 230-dan çox sənaye müəssisəsi açılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsi və bu çərçivədə təsdiq edilmiş tədbirlər planının icrası qeyri-neft sənayesinin inkişafına yeni impuls verib. Belə ki, 2014-cü ildə 230-dan çox sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücü genişləndirilib. Son illərdə sənayenin inkişafı nəticəsində bir sıra məhsullar, o cümlədən sement, gips, hörgü blokları, metal konstruksiya, boya və sair məhsullar üzrə istehsal gücləri daxili tələbatı ödəməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında söyləyib.
“Azərbaycan Polad İstehsalı Kompleksi” Səhmdar Cəmiyyətinin formalaşdırıldığını, “Daşkəsənfilizsaflaşdırma” müəssisəsinin fasiləsiz fəaliyyətinin təmin edildiyini vurğulayan Ş.Mustafayev bildirib: “Sumqayıt Kimya Sənaye Parkında xarici və daxili infrastrukturun yaradılması işləri davam etdirilir. Artıq parkda fəaliyyət göstərən rezidentlər tərəfindən polad və polietilen boruların istehsalına başlanıb, hidrotexniki avadanlığın, polipropilen və yüksək sıxlıqlı polietilenin, vərəqə şüşə istehsalının təşkili işləri aparılır. Balaxanı Sənaye Parkında da xarici infrastrukturun yaradılması, eləcə də tullantıları emal edəcək 3 müəssisənin fəaliyyətinin təşkili istiqamətində işlər görülür”.