ELM VƏ TƏHSİL
Ötən il AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında uğurlu elmi tədqiqatlar aparılıb
Bakı, 10 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin fevralın 10-da keçirilən növbəti iclasında AMEA-nın İctimai Elmlər Bölməsinin 2015-ci ilin yekunlarına dair hesabatı dinlənilib.
AZƏRTAC xəbər verir ki, hesabat ilində bölmədə yerinə yetirilən elmi və elmi-təşkilati işlər haqqında bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova məlumat verib. Bildirilib ki, ötən il bölmənin müəssisələrində ümumilikdə səkkiz elmi istiqamətin 33 problemi üzrə 117 mövzuda və 271 iş üzərində elmi tədqiqatlar aparılıb, 117 mövzudan 26-sı, 271 işdən 196-sı tamamlanıb.
Qeyd edilib ki, bölmə əməkdaşlarının, 229-u xaricdə olmaqla, ümumilikdə 1.029 məqaləsi, 160-ı xaricdə olmaqla 293 tezisi dərc olunub, səkkizi xaricdə olmaqla 114 kitab çapdan çıxıb. İnstitutların əməkdaşlarının 32 məqaləsi impakt faktorlu jurnallarda çap olunub, elmi işçilərin əsərlərinə 322 dəfə istinad edilib. Ötən il AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda ali təhsilin magistratura pilləsi yaradılıb və antropologiya ixtisası üzrə qəbul aparılıb.
N.Axundova bildirib ki, 2015-ci ildə akademik Ramiz Mehdiyevin “Tarixi idrakın elmliyi problemlərinə dair”, “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix”, “Dünya nizamından nizamsızlığa doğru. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” və digər kitabları, akademik Nailə Vəlixanlının “Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və tarixşünaslıqda” kitabı və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun italyan, ispan, ingilis və rus dillərində altı kitabı çapdan çıxıb.
Sonra İctimai Elmlər Bölməsinin hesabatının təsdiqlənərək AMEA-nın illik hesabatına daxil edilməsi barədə qərar qəbul olunub.