İQTİSADİYYAT
Ötən il “Azəravtoyol” ASC tərəfindən uzunluğu 7563 metr olan kanalizasiya xətləri çəkilib
Bakı, 30 yanvar, AZƏRTAC
“Azəravtoyol” ASC tərəfindən avtomobil yollarının saxlanılması və cari təmiri üçün ayrılmış vəsaitdən edilən qənaət hesabına ümumilikdə ötən il ərzində müxtəlif diametrli, uzunluğu 7563 metr olan kanalizasiya xətləri çəkilərək, təmir olunub, bu işlər bu gün də davam etdirilir.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məsələnin əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin noyabrın 11-də Bakı şəhərində kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında Sərəncam imzalanıb.
Həmçinin, ötən il dekabrın 30-da dövlət başçısının imzaladığı Fərmanla Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərin normal fəaliyyəti məqsədilə bəzi tədbirlər həyata keçiriləcək.
Fərmana əsasən, Bakıda bir sıra mühəndis-kommunikasiya, o cümlədən yağış-kanalizasiya sistemlərinin hazırkı inkişaf vəziyyəti və şəhər təsərrüfatının tələblərinə cavab verən səviyyəyə çatdırılması üçün təkmilləşdirilməsi, bəzi məhdudlaşdırma tədbirləri də daxil olmaqla əlavə və uzunmüddətli işlərin görülməsi nəzərdə tutulur.