İQTİSADİYYAT


Ötən il Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 milyon dollar olub

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

2015-ci ildə Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 125 milyon dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 13-də Bakıda keçirilən Azərbaycan-İran işgüzar görüşündəki çıxışında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev məlumat verib.

İki ölkə arasındakı əlaqələrin həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə yüksələn xətlə davam etdiyini qeyd edən Y.Abdullayev bu cür tədbirlərin qonşu dövlətlər, eləcə də iş adamları arasında əlaqələrin daha da genişləndirilməsində mühüm rol oynadığını deyib.

İran İslam Respublikasının Qərbi Azərbaycan əyalətinin Kooperasiya Palatasının sədri Mahmudrza Şərifixah deyib ki, 515 şirkət, 12 iqtisadi təşkilat təmsil etdiyi qurumun üzvüdür.

Azərbaycan ilə İran arasında münasibətlərin dərin tarixi və mədəni köklərə söykəndiyini deyən M.Şərifixah vurğulayıb ki, bugünkü tədbir ölkələrimiz arasında əlaqələrin daha da dərinləşəcəyinə öz töhfəsini verəcək. İran Azərbaycanda ticarət, kənd təsərrüfatı, qida sənayesi, tekstil sahələrində əməkdaşlıqda maraqlıdır.

AZPROMO-nun investisiyaların təşviqi departamentinin direktoru Zaur Qardaşov Azərbaycanın biznes mühiti və investisiya imkanları haqqında təqdimatla çıxış edib.

AZPROMO-nun və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, Azərbaycanın biznes və investisiya mühiti, AZPROMO-nun fəaliyyəti barədə məlumat verilib. Belə tədbirlərin iş adamları arasında əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlərlə davam edib. İşgüzar görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti və digər sahələri təmsil edən aparıcı müəssisələrin nümayəndələrindən ibarət 70-dək iş adamı iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.