CƏMİYYƏT
Ötən il Azərbaycanda 556 nəfər İİV-ə yoluxub VİDEO
Bakı, 13 fevral, AZƏRTAC
İİV/QİÇS problemi Azərbaycanda aktual problem olaraq Səhiyyə Nazirliyinin diqqət və nəzarətindədir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və İİV-ə yoluxma halları əsasən yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında baş verir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 556 nəfərdə təsdiqlənib. Onlardan 97,3 faizi Azərbaycan vətəndaşı, 2,7 faizi isə əcnəbidir. Qeydiyyata alınmış 541 Azərbaycan vətəndaşından 64,0 faizi kişi, 36,0 faizi qadındır.
Ümumilikdə 2016-cı ilin sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5 376 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 72,3 faizi kişi, 27,7 faizi qadındır. QİÇS mərhələsində olanlar 1 312 nəfər təşkil edir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən qeydiyyata götürülən vətəndaşların 48,7 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 40,4 faizində heteroseksual, 1,9 faizində isə homoseksual kontakt nəticəsində, 1,8 faizində anadan uşağa keçməklə, 7,3 faizində yoluxma yolu müəyyən edilməyib.
Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilib. Belə ki, 2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 2538 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 640 nəfərə müalicə 2016-cı il ərzində başlanılıb. Ölkədə İİV-in anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 241 hamilə ART-yə qoşulub.
Ailə Məcəlləsinə dəyişikliklərlə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2016-cı il ərzində 145 388 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 105 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib, onlardan 44 nəfəri yeni aşkar olunan şəxslərdir.
Əvvəlki illərdə olduğu kimi, 2016-cı il ərzində Mərkəzin əməkdaşlarının səyi ilə əhali arasında maarifləndirmə tədbirləri davam etdirilib. Ölkə əhalisinin İİV statuslarından xəbərdar olması məqsədilə avqust ayında ölkədə “İİV müayinəsi ilə bağlı Milli həftəlik”, 18 -25 noyabrda “İİV müayinəsi ilə bağlı Avropa həftəliyi” keçirilib. İİV/QİÇS, sağlam və təhlükəsiz yaşam barədə biliklərin artırılmasına yönəldilmiş maarifləndirici məlumatlar dərc edilib.