CƏMİYYƏT
Ötən il Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 183 rezident hazırlanıb
Bakı, 14 yanvar, AZƏRTAC
İnstitutda tədris təqvim planına müvafiq olaraq, 2016-cı ildə də bütün regionları əhatə etməklə səyyar və distant kurslar aparılıb, 225 müdavim iş yerindən ayrılmamaq şərti ilə təhsil alıb. Müxtəlif ixtisaslar üzrə 7208 müdavim ixtisasartırmalara cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyində ötən ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Qasımov çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin dəstəyi ilə il ərzində institutun kafedralarında əcnəbi mütəxəssislər ümumilikdə 60 mühazirə oxuyub, onları 351 həkim-müdavim dinləyib.
N.Qasımov vurğulayıb ki, institutda bütün ixtisaslar üzrə həkim və əczaçıların peşə hazırlığı həyata keçirilib, 31 ixtisas üzrə 183 rezident hazırlanıb.
İnstitutda 25 mövzu üzrə fundamental elmi tədqiqatların aparıldığını deyən rektor Səhiyyə Nazirliyi tərəfindən qarşıya qoyulan tapşırıq və layihələrin yüksək səviyyədə yerinə yetirildiyini diqqətə çatdırıb.