İQTİSADİYYAT


Ötən il “Azneft”də 31,6 min ton əlavə neft əldə edilib

Bakı, 17 fevral, AZƏRTAC

2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyində müasir texnologiyaların tətbiqinə önəm verilir. Yataqların işlənilməsində və istismarında, neft-qaz hasilatında yeni texnika, texnologiya və avadanlıqları uğurla tətbiq edən “Azneft” neftvermə əmsalının artırılması tendensiyasını 2016-cı ildə də davam etdirib. Belə ki, lift boruların təmizlənməsi üçün “PADUS” qurğularının istifadə dairəsi genişləndirilib, “PADUS-2” parafinkəsici qurğusunun “Neft Daşları” və N.Nərimanov adına neft və qazçıxarma idarəsində ümumilikdə 73 quyuda tətbiq olunması 23 min 122 ton əlavə neft eldə edilməsi ilə nəticələnib.

Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər 4 quyuda tətbiq olunub, 5 min 443 ton əlavə neft əldə edilib. Bundan başqa, 6 neft və qazçıxarma idarəsində 9 quyuda hidrostatik qumtəmizləyici qurğunun sınağı aparılıb, müsbət nəticə alınıb.

Ötən ilin sonunda isə həmin qurğudan daha 36-sı 7 quyuda tətbiq olunub. Yeni texnologiya kimi “Boru ştanqlı quyu nasos qurğusu” “Abşeronneft” neft və qazçıxarma idarəsində 2 quyuda tətbiq edilib.

2017-ci ildə bu texnologiyanın daha 20 quyuda tətbiqi planlaşdırılır. Quyuların lift boruları tez-tez korroziyaya uğrayaraq deşilir. Korroziyanın qarşısını almaq məqsədilə şüşə-plastik nasos-kompressor borularının yeni texnologiya kimi tətbiqi müsbət nəticə verib. Artıq üç aydır ki, “Bibiheybətneft” neft və qazçıxarma idarəsinin 3293 nömrəli quyusunda şüşə-plastik nasos-kompressor boruları tətbiq olunur.

Ümumilikdə, 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib. Bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.