REGİONLAR
Ötən il Bərdə idmançıları respublika və beynəlxalq yarışlarda 63 medal qazanıblar
Bərdə, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
2003-cü ilin oktyabrında fəaliyyətə başlayan Bərdə Olimpiya İdman Kompleksi rayonda idmanın inkişafı və kütləviliyinin təmin olunmasına öz töhfəsini verməkdədir.
Rayon gənclər və idman idarəsinin rəisi Anar Şahbazov AZƏRTAC-a bildirib ki, kompleksdə idmanın cüdo, kikboksinq, karate, şotakan karate, sərbəst güləş, taekvondo, mini-futbol, üzgüçülük və əlbəyaxa döyüş növləri üzrə 248 nəfər yeniyetmə və gənc məşğul olur. Olimpiya İdman Kompleksində hər il idmanın müxtəlif növləri üzrə zona və rayon yarışları keçirilir.
A.Şahbazov qeyd edib ki, 2014-cü ildə rayonda yeniyetmələr arasında futbol, voleybol, şahmat, sərbəst güləş, cüdo, taekvondo, poliatlon, sambo, aşihara-karate növləri və kross qaçışı üzrə 36 yarış keçirilib. Ötən il rayonun idmançıları respublika və beynəlxalq miqyaslı yarışlarda 16 qızıl, 18 gümüş və 29 bürünc olmaqla 63 medal qazanıblar.