REGİONLAR
Ötən il Bərdədə 2388 abunəçi genişzolaqlı internet xidmətinə qoşulub
Bərdə, 23 fevral, AZƏRTAC
Bərdə rayonunda rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə rayon mərkəzində 4,7 kilometr optik kabel çəkilib, 11 paylayıcı şkaf texniki normaya gətirilib. Alaçadırlı kəndində 164 nömrə tutumlu Elektron Avtomat Telefon Stansiyası (EATS) qurularaq istifadəyə verilib, 120 ev telefon rabitəsi ilə təmin olunub. Mərkəzi ATS-də 640, Şatırlı kənd ATS-də 128, Əyricə kənd ATS-də 144, Şirvanlı kənd ATS-də 32, Kələntərli kənd ATS-də 128, Güloğlular kənd EATS-də 48, Zümürxan kənd EATS-də 24, Kolayır EATS-də 48 portluq DSLAM avadanlıqları qurulub. İstismara yararsız 306 dirək və 22 kilometr naqil yenisi ilə əvəz edilib, rayon mərkəzində 3,2 kilometr hava xətti yenidən çəkilib.
Görülən tədbirlər sayəsində şəbəkədə optikləşmə 100 faizə çatıb. İl ərzində 2388 abunəçi genişzolaqlı internet xidmətinə qoşulub.
Hazırda rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, yüksəksürətli internet portlarının sayının artırılması istiqamətində işlər davam etdirilir.