CƏMİYYƏT


Ötən il Dövlət Komitəsinin rəyi əsasında 5 uşaq övladlığa götürülüb

Bakı, 17 fevral, AZƏRTAC 

Uşaqlar övladlığa yalnız valideyn himayəsindən tam məhrum olunduğu halda verilir. Lakin ailələr və qohumlar arasında razılaşmanın olması halları istisnadır. Bu halda məsələ məhkəmə qaydasında həll olunur. Ümumən, övladlığa verilmiş uşaqların əksəriyyəti atılmış, valideyn himayəsindən məhrum olunmuş və yaxud xəstə olduğuna görə valideynlərinin imtina etdikləri uşaqlar olur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şöbəsinin əməkdaşı Seymur Məmmədov AZƏRTAC-a məxsusi müsahibəsində bildirib ki, övladlığa uşaq götürmək istəyən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edir. Bu müraciətə cavab olaraq, əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə övladlığa götürmək üçün tələb edilən sənədlər təqdim edilir. Tələb olunan sənədlər qanunvericiliyə uyğun olaraq təqdim edildikdə övladlığa götürmək istəyən şəxs əcnəbi şəxs kimi Komitədə qeydiyyata alınır. Bundan sonra onun arzuladığı uşaq barədə məlumat həmin şəxsə təqdim edilir. Övladlığa götürən əcnəbinin uşağın ehtiyaclarına uyğunluğu təsdiq edildikdə uşağın yaşadığı ərazi üzrə qəyyumluq və himayəçilik orqanına övladlığa götürmənin uşağın mənafeyinə uyğun olması barədə rəy alınması ilə bağlı məktub göndərilir. Qəyyumluq və himayəçilik orqanından daxil olmuş rəy və uşaq barədə məlumatlar ərizəçinin yaşadığı dövlətin övladlığa götürmə üzrə mərkəzi orqanına göndərilir. Bu qurum övladlığa götürülən barədə məsələyə münasibət bildirdikdən sonra Komitə müvafiq rəyini məhkəməyə təqdim edir.

“2016-cı ildə Komitənin rəyi əsasında 5 uşaq övladlığa götürülüb. Uşaqlar Rusiya və Türkiyə vətəndaşlarına verilib. Bir halda xarici vətəndaş ilə ailə quran azərbaycanlı qadın ilk nikahından olan öz övladının yeni ailədə övladlığa götürülməsinə nail olub”, - deyə komitə rəsmisi diqqətə çatdırıb.

S.Məmmədov bildirib ki, əgər valideyn imtina etdiyi uşaqla 6 ay ərzində maraqlanmırsa, bu halda o, valideynlik hüququndan məhrum olunur və belə uşaq övladlığa verilə bilər. Uşağın valideyni alkoqolizmə, narkomaniyaya aludə olub, ağır cinayət törədibsə, valideynlik hüququndan məhrum edilə bilər. Uşaq evlərinə müvəqqəti qoyulan uşaqlar var, valideynləri ola-ola uşağı başqasına vermək də cinayətdir. Amma bəzən valideyn imtina edir, uşağı atıb gedir, illərlə gəlmir, buna namizəd ailə çıxır, bütün proseslər, hüquqi proseduralar həyata keçirilir, əgər bioloji valideyn qayıdırsa uşağı yenidən geri qaytara bilməz. Yenidən məhkəməyə müraciət edilməlidir. Qanunla övladlığa götürmə sirdir, bunun yayılması qadağandır, övladlığa götürən şəxslə, bioloji valideynlər arasında heç bir əlaqə olmamalıdır.

“Sənədlər qanunvericiliklə nəzərdə tutulmuş qaydada tələb edilir. Bunlar mülki-prosessual məsələdə öz əksini tapıb. Ailələrlə yanaşı, tək insanlar da övladlığa uşaq götürə bilərlər. Bu zaman tələblər eyni olaraq qalır, şəxsin doğum haqqında şəhadətnaməsi, şəxsiyyət vəsiqəsi, yaşayış yerindən arayış, ev haqqında sənədi, iş yerindən gəlirləri, əməkhaqqı, xüsusilə də sağlamlığını əks elətdirən sənədlər. Sağlamlıqla bağlı tələb olunan sənədlərə infeksion xəstəlikləri - vərəm, hepatit, onkoloji, narkoloji xəstəliklər, alkoqolizm, ruhi vəziyyətlə bağlı arayışlar aiddir. Bütün bu sənədlər yığılmalı və qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edildikdən sonra qəyyumluq komissiyası tərəfindən qeydiyyata götürülür. Əgər ailənin yaşamağa yeri yoxdursa, hətta uzunmüddətli müqavilə ilə mənzili götürübsə, bunlar nəzərə alınır. Yekun məhkəmə qərarından sonra qəyyumluq komissiyası tərəfindən evə baxış keçirilir. Evin təmizliyi, gigiyenası, ümumi şəraiti yaşayış üçün uyğundursa, uyğunluq haqqında müayinə aktı verilir”, - deyə dövlət komitəsinin əməkdaşı əlavə edib.

S.Məmmədov qeyd edib ki, yaş fərqi övladlığa götürənlə, övladlığa götürülən arasında 16 yaşdan az olmayaraq nəzərdə tutulur. İlkin qeydiyyatdan sonra əgər ailə 3 yaşına qədər uşaq götürmək istəyirsə, mərkəzləşmiş qeydiyyat üçün sənədlər Səhiyyə Nazirliyinə, 3 yaşından böyük uşaq istəyirsə, Təhsil Nazirliyinə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.